Paşinyana qarşı "gizli plan" iddiası: "Bu, daha çox siyasi təzyiq və psixoloji təsir cəhdidir"- ÖZƏL

Erməni mediasının məlumatına görə, "Güclü Ermənistan" hərəkatının lideri Samvel Karapetyan bildirib ki, Paşinyan hökumətinə qarşı mübarizə aparmaq üçün müxtəlif siyasi qüvvələr və nüfuzlu şəxslər onların ətrafında birləşir. O, Konstitusiya Məhkəməsinin qərarını gözlədiklərini, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün gizli fəaliyyət planlarının olduğunu və bunu vaxtı gələndə açıqlayacaqlarını deyib.

Samvel Karapetyanın müxalif qüvvələrin birləşməsi və Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı açıqlamaları Ermənistanın daxili siyasi proseslərinə necə təsir göstərə bilər? Bu cür bəyanatlar Ermənistanın siyasi sabitliyi və yaxın dövrdə hakimiyyət-müxalifət münasibətlərinin inkişafı baxımından nə vəd edir?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:

" Düşünürəm ki, bu, daha çox müxalifət qüvvələrinin öz tərəfdarlarını ətrafında birləşdirmək və hakimiyyət yaxın qüvvələrə psixoloji təsir göstərmək məqsədilə istifadə olunan bəyanatlardır.
Yəni seçkidən sonra öz tərəfdarlarının ruhdan düşməməsi, məyus olmaması üçün onlara Paşinyanın hakimiyyətdə qalması ilə bağlı planının olduğu mesajı verilir. Bununla da onun partiyası və koalisiya tərəfdarlarının yenidən Paşinyan ətrafında birləşməsi hədəflənir.
Faktiki olaraq, Paşinyanın hakimiyyətdə qalmaq planının olduğu deyilməklə belə bir fikir formalaşdırmağa çalışırlar ki, hakimiyyətdə qalmasını istəyən hər kəs onun partiyası ətrafında birləşməlidir.
Bu, həm də tərəfdarlarda əminlik yaratmağa xidmət edir. Əks halda, Paşinyan tərəfdarları və ya ona dəstək verən koalisiya üzvləri arasında onun hakimiyyətdən gedəcəyi, tək qalacaqları və ya vaxtilə verdikləri siyasi seçimin səhv olduğu barədə düşüncələr yarana bilər. Bu baxımdan həmin açıqlamalar daha çox təbliğat xarakteri daşıyır.
Əgər həqiqətən də Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı konkret plan mövcuddursa, o zaman sual yaranır ki, niyə bu plan rəsmi şəkildə açıqlanmır və niyə gizli şəkildə həyata keçirilmir?
Eyni zamanda, bu açıqlama Paşinyanın komandasına yönəlmiş təhdid mesajı kimi də qiymətləndirilə bilər. Yəni "bizim onu hakimiyyətdən uzaqlaşdırmaq imkanımız var, sadəcə Konstitusiya Məhkəməsinin qərarını gözləyirik" mesajı verilir.
Digər tərəfdən, bunu Rusiyadan göndərilən siyasi mesaj kimi də oxumaq mümkündür. Bu mesaj həm Paşinyanın özünə, həm də komandasına yönəlmiş ciddi xəbərdarlıq xarakteri daşıya bilər. Əgər gələcəkdə Konstitusiya Məhkəməsinin qərarı onların gözlədiyi istiqamətdə olarsa, həmin planın həyata keçirilməsi mümkündür.
Burada dolayı yolla Rusiyanın Paşinyan hakimiyyətinə qarşı siyasi şantaj elementi də müşahidə oluna bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31