Azərbaycan türk dünyasında böyük nüfuza malikdir- ÖZƏL

"Türk Dünyası Həftəsinin yekunları göstərdi ki, Azərbaycan bu gün yalnız coğrafi baxımdan deyil, həm də ideya və təşəbbüsləri ilə türk dünyasının mərkəzlərindən birinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bakıda keçirilən beynəlxalq forumlar, qəbul olunan əməkdaşlıq qərarları və elmi müzakirələr ortaq türk kimliyinin möhkəmləndirilməsi, türkologiya elminin inkişafı və gələcək nəsillər arasında ortaq dəyərlərin yaşadılması baxımından mühüm nəticələri ortaya qoymuş oldu. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan türk dünyasında böyük nüfuza malik olmaqla yanaşı, onun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində böyük uğurlar müəllifi kimi mühüm dayaq rolunu  oynayır.

Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciətində Birinci Türkoloji Qurultayın yalnız elmi hadisə olmadığını, eyni zamanda türk xalqlarının milli özünüdərkinin və mədəni həmrəyliyinin simvoluna çevrildiyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, həmin qurultayın irəli sürdüyü ideyalar müasir dövrdə uğurla həyata keçirilir, türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr davamlı şəkildə genişlənir. Dövlət başçısının fikrincə, ortaq əlifba, ortaq mədəni irs və elmi əməkdaşlıq istiqamətində atılan addımlar türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31