Azərbaycan türk birliyinin aparıcı təşəbbüskarlarından biri kimi çıxış edir- ÖZƏL

" I Türkoloji Qurultay türkologoyanın bir elm kimi inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur. Qurultay nəticəsində dilçilik, tarix, folklorşünaslıq və ədəbiyyatşünaslıq sahələrində aparılan araşdırmalar daha sistemli xarakter almağa başladı. Qurultayın mühüm nəticələrindən biri də  müxtəlif regionlardan olan elm adamları arasında əməkdaşlıq əlaqələrinin formalaşması idi. Bu əməkdaşlıq sonrakı illərdə bütün məhrumiyətlərə rəğmən,  türkoloji tədqiqatların genişlənməsinə mühüm təsir göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Bakı şəhəri isə türk dünyasının elmi və intellektual mərkəzlərindən biri kimi beynəlxalq nüfuz qazandı. Azərbaycan ziyalılarının təşəbbüsü ilə keçirilən bu qurultay ölkənin türkoloji fikir tarixində xüsusi mövqeyə malik olduğunu nümayiş etdirdi.

Bir daha qeyd etməliyik ki, I Türkoloji Qurultay XX əsr türk dünyasının elmi və ideoloji tarixində mübaliğəsiz  mühüm yer tutur. Belə ki, Qurultayda müzakirə olunan əlifba, dil, təhsil və milli kimlik məsələləri türk xalqlarının gələcək inkişaf istiqamətlərinə ciddi təsir göstərdi. Latın qrafikasına keçid ideyası sadəcə texniki dəyişiklik deyil, modernləşmə və milli özünüdərk prosesinin mühüm elementi idi. Qurultay türk xalqları arasında ortaq elmi və mədəni əməkdaşlıq mühitinin formalaşmasına əhəmiyyətli töhfə verdi.

I Türkoloji Qurultayın ideoloji və elmi irsi bu gün müasirimizdir.  Türk dünyasında inteqrasiya, ortaq mədəni dəyərlərin inkişafı və elmi əməkdaşlığın genişlənməsi baxımından qurultayın ideyaları bu gün də  yaşayır və getdikcə daha böyük aktuallıq qazanaraq, türk birliyinin bu günkü zirvə nöqtəsində bizləri yeni elmi işbirliyinə çağırır.

Bu gün türk dünyası öz tarixinin yeni mərhələsini yaşayır. Siyasi birlik güclənir, iqtisadi əməkdaşlıq genişlənir,  mədəni əlaqələr möhkəmlənir, elmi platformalar formalaşır. Bu prosesdə Azərbaycan və onun lideri cənab İlham Əliyev türk birliyinin aparıcı təşəbbüskarlarından biri kimi çıxış edir və bu istiqamətdə həyata keçirilən siyasət türk dünyasının gələcəyini hədəfləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31