"Rus evi"nin bərpası üçün Moskva əvvəlcə Bakının gözləntilərini qarşılamalıdır- ÖZƏL
17:14 SiyasətRusiya Bakıda fəaliyyət göstərən "Rus evi"nin yenidən açılmasını təklif edib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, mərkəzin fəaliyyətinin bərpası hər iki ölkənin maraqlarına uyğundur. O, həmçinin qeyd edib ki, yaxın
günlərdə xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, mədəni və humanitar istiqamətləri müzakirə ediləcək.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Açıqcası, Bakıda "Rus evi"nin fəaliyyətinin bərpası yaxın zaman üçün mümkünsüz görünür. Bəlkə də sonrakı mərhələlərdə Rusiya tərəfi öz günahını etiraf edərsə, AZAL-la bağlı məsələni tam şəkildə yekunlaşdırarsa, həmçinin "Rus evi" və ya buna bənzər digər mədəniyyət mərkəzlərinin adı altında Azərbaycanda casusluq və digər neqativ hallara yol verməzsə, bu günə qədər etdikləri ilə bağlı rəsmi Bakıya hesabat təqdim edərək məsələyə tam aydınlıq gətirərsə, ondan sonra gözləmək olar ki, Azərbaycan tərəfi də özünün hər zaman nümayiş etdirdiyi xoşməramlı xarici siyasət kursuna uyğun olaraq Rusiya tərəfinin müraciətini qəbul etsin və həmin qurumların sırf mədəni fəaliyyət göstərəcəyi təqdirdə yenidən fəaliyyətinə icazə versin.
Amma bunlar baş verməyəcəksə, yəni Rusiya tərəfi bu günə qədər etdiklərinə görə hesabat verməyəcəksə və rəsmi Bakının gözlədiyi bir sıra məsələlərə müsbət yanaşmayacaqsa, o halda düşünürəm ki, rəsmi Bakı da Moskvanın hər hansı xahişini yerinə yetirmək və ya istəyini nəzərə almaq niyyətində olmayacaq.
O ki qaldı Bayramovun Moskvaya səfərinə, bu, Azərbaycanın xarici siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada qeyri-adi heç nə yoxdur və bunu fərqli formatda təqdim etməyə də ehtiyac yoxdur. Azərbaycan bu günə qədər istər Rusiya ilə, istər Rusiyanın rəqibləri və ya düşmənləri ilə, istərsə də neytral mövqedə olan Çin və digər güc mərkəzləri ilə münasibətlərini müntəzəm şəkildə qurur və inkişaf etdirir.
Bu istiqamətdə həm Azərbaycana səfərlər həyata keçirilir, həm də Azərbaycan rəsmiləri xarici ölkələrə səfərlər edirlər. Bayramovun Moskvaya getməsi də Azərbaycanın çoxtərəfli, bərabərhüquqlu və qarşılıqlı əməkdaşlığa söykənən xarici siyasətinin tərkib hissəsidir.
Hazırkı mərhələdə Bayramov Moskvada bir sıra məsələləri müzakirə edə bilər. Bunların başında ikitərəfli münasibətlər, həmçinin Ermənistan üzərindən keçən nəqliyyat marşrutları, Zəngəzur dəhlizi məsələsi, ümumilikdə regionda bütün kommunikasiya xətlərinin açılması, bu istiqamətdə atılacaq addımlar, Azərbaycanın mövqeyinin Rusiya tərəfinə çatdırılması və Rusiyanın mövqeyinin öyrənilməsi dayanacaq.
Eyni zamanda gözləmək olar ki, tərəflər beynəlxalq siyasətdə baş verən bir sıra mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Bu məsələlər sırasında Ukrayna qarşıdurması ilə bağlı son vəziyyət, İran ətrafında baş verən hadisələr və region ölkələri kimi Azərbaycanla Rusiyanın qlobal əhəmiyyət daşıyan bu çağırışlara necə yanaşmalı olduqları da yer alacaq.
Təbii ki, hər iki tərəfin özünəməxsus narahatlıqları var. Əgər Rusiya hazırda bir münaqişənin tərəfidirsə, Azərbaycan da yerləşdiyi Cənubi Qafqazın geosiyasi və geostrateji əhəmiyyətinə görə müxtəlif risklərlə üz-üzə qalan ölkədir. Buna görə də tərəflərin bu kimi məsələləri də müzakirə etməsi gözləniləndir".
Zeynəb Mustafazadə