Minlərlə azərbaycanlı hələ də İTKİN sayılır – Bakıdan dünyaya mühüm ÇAĞIRIŞLAR

İyunun 30-da Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bildirib ki, bu il iyunun 30-na olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

"Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxsdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır", - deyə rəis müavini bildirib.

Xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov çıxışında silahlı münaqişələr zamanı insanların itkin düşməsini yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciə kimi dəyərləndirib.

"BMT-nin Baş katibinin 2025-ci ilin may ayında təqdim etdiyi "Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" hesabatında da dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir. Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq, habelə onların taleyini aydınlaşdırmaq üçün dövlətlərin üzərinə ciddi öhdəliklər qoyur. 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokolları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, həlak olanların axtarılması, insan qalıqlarının eyniləşdirilməsi və onlarla ləyaqətlə davranılmasını tələb edir.

Təəssüf ki, Azərbaycanın üzləşdiyi reallıq bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir. İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Bunun sübutu olaraq, Azərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib. Hərbçilərimizin bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçirilib. Hazırda sülh prosesi çərçivəsində də bu məsələ diqqət mərkəzindədir", - deyə nazir müavini diqqətə çatdırıb. (Azertac)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31