102-ci hərbi baza ətrafında yeni müzakirələr: Ermənistan hansı ssenariyə gedir?- ÖZƏL
16:42 SiyasətRusiya XİN başçısının müavini Mixail Qaluzin bildirib ki, Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi siqnal verməyib və bu məsələnin gündəmdə olmadığını bəyan edib. Diplomatın sözlərinə görə, Moskva bu bazanın həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsində əsas element olduğuna əmindir.
Bazanın gələcəyi ilə bağlı hansı ssenarilər reallaşa bilər? Həqiqətən 102-ci baza Cənubi Qafqazın təhlükəsizliyinin təmin edirmi? Bu bazanın əsas məqsədi nədir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazası dövlətlər arasında 1995-ci ildə əldə edilmiş razılaşmaya görə Gümrüdə, habelə İrəvanın özündə yerləşir. Baza 1992-ci ilin avqustunda formalaşıb, onun statusu ilə bağlı son razılaşmalar 1995-ci ildə əldə edilib. Baza Rusiyanın Cənubi Qafqazda yeganə bazasıdır. Rusiyanın sabiq prezidenti Medvedevin Ermənistana rəsmi səfəri zamanı Rusiyanın məlum bazasının Ermənistanda qalma müddəti barədə razılığın müddəti 2044-ci ilədək uzadılmışdır.
Ermənistan Hərbi Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvi olduğundan bazanın Cənubi Qafqazda Rusiya geosiyasi maraqlarının qorunmasında xüsusi rolu və əhəmiyyəti var. Tərkibində 5 minə yaxın hərbi kontingentin olduğu bu bazanın təchizatı ilə bağlı məsələlər RF-nın həmişə diqqət mərkəzindədir.
Ermənistanda 2018-ci il məxməri inqilabının qələbə çalmasından sonra Paşinyanın iqtidara gəlməsi ilə baza ətrafında diskusiyyalar güclənib. Belə ki, Paşinyan hələ muxalifətdə olarkən Rusiya hərbi bazasının bu ölkədən çıxarılması ilə bağlı məsələləri daim parlament müzakirələrinə çıxarılmasına nail olmuş, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılmasının vacibliyi ilə bağlı amilləri gündəmdə saxlamışdır. Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra bu ölkəni Qərbin sifarişi ilə
Rusiyanın nüfuz dairəsindən kənara çıxmasına yönəli siyasət yeridən Paşinyan anlaşılandır ki, Ermənistanı KTMT-dan çıxmasına nail olmaq istəyir. Bununla bağlı Ermənistan artıq iki ilə yaxındır ki, təşkilata üzvlük haqqı ödəmir,oə ordusu KTMT-nın orduları ilə hərbi təlim məşqlərinə qatılmır. Rəsmi Moskva aydındır ki, bu prosesləri diqqətlə izləyir və hələlik Ermənistanla münasibətlərdə yumşaq gücün tətbiqi ilə kifayətlənir.
Hüquqi anlamda Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına birbaşa təsir göstərə biləcək mexanizmlər demək olar ki, yoxdur.
Dövlətlərarası razılaşmanın şərtləri bazanın 2044-cü ilə qədər Ermənistanda qalmasına zəmin verir. Rəsmi İrəvanın bazadan qurtulmaq üçün Saakaşvilinin 2008-ci ildə atdığı addımları atmaq istəyi həmin ildə Gürcüstanın Rusiya ilə münasibətlərində yaşanmışların təkrarına gətirib çıxara bilər, bu halda Ermənistanın da aqibətinin Gürcüstan kimi olacağı istisna deyil".
Zeynəb Mustafazadə