Tehranın ritorikası niyə işə yaramayacaq? – Zəngəzur dəhlizində yeni mərhələ – ÖZƏL

"İranın bu ritorikası əvvəllərdən davam edir. Faktiki olaraq rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasına mane olacağını dəfələrlə bəyan edib. İran rəsmilərinin bu barədə tez-tez verdiyi açıqlamaların şahidi olmuşuq".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib: "Ancaq ilk növbədə onu qeyd edim ki, bu, real bir mövqe deyildi. Əvvəllər də bu cür bəyanatlar səsləndirilsə də, İranın bu istəyinin reallaşmayacağı aydın idi. Görünən odur ki, bu açıqlamalar daha çox daxili auditoriyaya hesablanmış ritorika idi. Eyni zamanda İran Ermənistana xoş mesaj vermək üçün müəyyən addımlar da atırdı. Buna baxmayaraq, Zəngəzur dəhlizinin açılması məsələsinə həm regional, həm də beynəlxalq güclərin marağı kifayət qədər böyükdür. Məhz bu maraq layihənin həyata keçirilməsinə imkan yaradır. Ermənistan tərəfi də artıq bu məsələ ilə bağlı razılıq nümayiş etdirir. Parlament seçkiləri başa çatıb, Nikol Paşinyan seçkilərdə qalib gəlib və indi yeni hökuməti formalaşdıracaq. Bu isə onu göstərir ki, Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmdə əsas mövzulardan biri olacaq. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarının da bu məsələyə çox ciddi marağı var və birbaşa Prezident Donald Tramp bu layihəni öz adı ilə əlaqələndirərək "Tramp layihəsi" kimi təqdim edir, bütün bu amilləri bir araya gətirdikdə belə nəticəyə gəlmək olar ki, həm layihədə birbaşa iştirak edəcək regional ölkələr, həm də beynəlxalq güclər bu layihənin reallaşmasında maraqlıdır. Bu da kənar müdaxilələrin qarşısını alan əsas amillərdən biridir. Ona görə də hesab etmirəm ki, İran hansısa formada bu prosesə effektiv şəkildə mane ola bilsin. Yekunda onlar bu layihənin reallaşmasını qəbul etməli olacaqlar. İstər beynəlxalq hüquq baxımından, istərsə də mövcud geosiyasi reallıqlar nöqteyi-nəzərindən İranın bu məsələyə müdaxilə imkanları olduqca məhduddur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31