Trampın açıqlamasından sonra diqqətlər neft bazarında: Azərbaycanın iqtisadiyyatına təsiri nə olacaq?- ÖZƏL
15:34 SiyasətABŞ prezidenti Donald Tramp dünya bazarında neft və yanacaq qiymətlərinin sürətlə ucuzlaşdığını bildirib. O, "Truth Social" hesabında yüngül neftin bir barelinin qiymətinin 69 dollara endiyini, benzinin də ucuzlaşdığını qeyd edib. Tramp qiymətlərlə bağlı süni manipulyasiya halları olacağı təqdirdə vətəndaşları bu barədə məlumat verməyə çağırıb.
Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın neft gəlirlərinə və dövlət büdcəsinə necə təsir göstərə bilər?Qlobal neft qiymətlərindəki eniş daxili yanacaq bazarında qiymətlərə təsir edə bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Dünya bazarında neftin qiymətinin enməsi Azərbaycan üçün ilk növbədə neft ixracından əldə olunan gəlirlərin azalması riski yaradır. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlirlərinin mühüm hissəsi neft və qaz sektorundan formalaşdığı üçün qiymətlərin uzun müddət aşağı səviyyədə qalması büdcə gəlirlərinə təsir göstərə bilər. Bununla belə, təsirin miqyası neftin hansı müddət ərzində ucuz qalmasından, ixrac həcmlərindən və dövlət büdcəsində nəzərdə tutulan baza neft qiymətindən asılıdır. Qısamüddətli qiymət dəyişiklikləri adətən ciddi maliyyə problemləri yaratmır, lakin uzunmüddətli eniş əlavə fiskal tədbirləri zəruri edə bilər.
Qlobal bazarda neftin ucuzlaşması daxili yanacaq qiymətlərinə də müəyyən təsir göstərə bilər, lakin bu təsir birbaşa və dərhal olmur. Azərbaycanda yanacaq qiymətləri dövlət tərəfindən tənzimləndiyi üçün beynəlxalq bazarlardakı dəyişikliklər avtomatik olaraq pərakəndə satış qiymətlərində əks olunmur. Qiymətlərə dünya neft bazarı ilə yanaşı, emal xərcləri, logistika, vergi və tarif siyasəti də təsir edir. Buna görə də dünya bazarında neftin ucuzlaşması daxili bazarda yanacağın qiymətinin mütləq enəcəyi anlamına gəlmir. Yalnız aidiyyəti dövlət qurumlarının qiymətləndirməsi və qərarı əsasında qiymətlərdə dəyişiklik edilə bilər".
Zeynəb Mustafazadə