Elçin Xalidbəyli: "Lavrov və Medvedevin yeni hakimiyyət komandasında aktiv rol alacağı gözlənilmir" – ÖZƏL
15:32 Siyasət"Rusiyanın hakimiyyət elitasında müəyyən dəyişikliklərin ola biləcəyi ilə bağlı ehtimallar mövcuddur. Buna qədər də yeni hakimiyyət komandasının formalaşmaqda olduğu barədə məlumatlar yayılırdı. Payızda keçiriləcək parlament seçkiləri də bu prosesin tərkib hissəsi kimi ön plana çıxmağa başlayıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, Sergey Lavrovun seçkilərdə hakim partiyanın siyahısına rəhbərlik etməsi onun Xarici İşlər Nazirliyi sistemindən kənarlaşdırılma ehtimalını daha inandırıcı göstərir. Yəqin ki, növbəti mərhələdə Sergey Lavrov artıq Rusiyanın xarici işlər naziri olmayacaq və bu posta yeni bir şəxs təyin edilə bilər. Lavrovun isə parlamentdə müəyyən status alması, hətta parlament sədri vəzifəsinə gətirilməsi də istisna deyil.
"Dmitri Medvedevə gəldikdə isə, bu şəxslə bağlı Rusiya siyasi dairələrində də müəyyən narazılıq və narahatlıqların olduğu bildirilir. Çünki onun davranışlarının Rusiya hakimiyyətinin maraqlarına tam adekvat olmadığı iddia edilir. Prezident Putinin də ondan narazı olduğu barədə məlumatlar mövcuddur. Böyük ehtimalla, Dmitri Medvedev həm hazırkı vəzifəsini itirə, həm də parlamentdən kənarda qala bilər. Bu isə onun tədricən siyasi səhnədən uzaqlaşdırıldığını göstərir. Onun bəzi açıqlamaları kifayət qədər aqressiv xarakter daşıyırdı. Təbii ki, bu aqressiv açıqlamaların verilməsində müəyyən təlimatların da rol oynadığı istisna edilmir. Lakin bəzi məlumatlara görə, o, bəzən şəxsi təşəbbüsü ilə də bu cür açıqlamalar verib. Bu da Kremldə Medvedevdən müəyyən narazılığın olduğunu göstərir. Belə görünür ki, artıq onu hakim komandada görmək istəmirlər", - deyə ekspert əlavə edib.
Ekspert bildirib ki, Rusiyanın yeni dövr hakimiyyət komandasında nə Lavrovun, nə də Medvedevin əvvəlki kimi aktiv rol alacağı gözlənilmir. Düzdür, Lavrovun vəziyyəti Medvedevlə müqayisədə daha qənaətbəxş görünür. Çünki onun parlamentdə müəyyən status əldə etmək ehtimalı var. Amma Medvedev vəzifəsindən kənarlaşdırılarsa, böyük ehtimalla, ümumiyyətlə, hər hansı dövlət vəzifəsi olmadan da qala bilər.
Səidə Ramazanova