Bəhruz Quliyev: "Ceyhun Bayramovun Moskva səfəri iki ölkə münasibətlərində yeni mərhələ ola bilər" – ÖZƏL
13:39 Siyasət"Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin Bakıda fəaliyyət göstərən "Rus evi"nin yenidən açılması ilə bağlı səsləndirdiyi fikir, ilk növbədə, Moskvanın Azərbaycanla münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasına və dialoqun bərpasına maraq göstərdiyini nümayiş etdirir. Lakin bu məsələ yalnız Rusiyanın istəyi ilə həll oluna bilməz. Son qərar Azərbaycanın milli maraqları, qanunvericiliyi və dövlətin təhlükəsizlik prinsipləri əsasında veriləcək. "Rus evi"nin fəaliyyəti ətrafında əvvəllər yaranmış suallar və narahatlıqlar tam aradan qaldırılmadan onun əvvəlki formatda fəaliyyətini bərpa etməsi real görünmür. Əgər bu istiqamətdə hansısa qərar veriləcəksə, o zaman fəaliyyətin hüquqi əsasları, şəffaflığı və qarşılıqlı etimad prinsipləri təmin edilməlidir."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Ceyhun Bayramovun Moskvaya planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm diplomatik təmaslardan biri hesab oluna bilər. Səfər zamanı siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri, humanitar əlaqələr, regional təhlükəsizlik məsələləri və son dövrdə ikitərəfli münasibətlərdə yaranmış problemlərin müzakirə ediləcəyi gözlənilir.
Əgər tərəflər qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan razılaşmalar əldə edə bilsələr, bu, Bakı-Moskva münasibətlərində yeni və daha praqmatik mərhələnin başlanğıcı ola bilər. Əks halda, təkcə "Rus evi"nin fəaliyyəti ilə bağlı müzakirələr münasibətlərdə köklü dönüş yaratmayacaq.
"Hesab edirəm ki, Azərbaycan dəfələrlə nümayiş etdirib ki, bütün dövlətlərlə, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Ancaq bu əməkdaşlıq yalnız bərabərlik, daxili işlərə qarışmamaq və qarşılıqlı etimad prinsipləri üzərində qurulduğu halda davamlı nəticələr verə bilər. Məhz buna görə də Ceyhun Bayramovun Moskva səfərinin nəticələri təkcə "Rus evi"nin taleyi baxımından deyil, ümumilikdə Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyacaq", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova