Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini qurum rəhbərlərinin ilk görüşü keçirilir
12:22 SiyasətŞuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü öz işinə başlayıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, tədbirdə TDT-nin Baş katibi, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Görüşün məqsədi türk xalqlarının ortaq milli-mənəvi və mədəni dəyərlərinin qorunması, eləcə də üzv dövlətlərin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsidir. Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik, idarəetmə və kadr hazırlığı sahələrində əməkdaşlıq imkanları müzakirə olunacaq.
Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun və İslam həmrəyliyinin təşviqi, həmçinin dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.
Toplantının əsas müzakirə mövzularından biri də TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişaf etdirilməsi və əməkdaşlığın daha da genişləndirilməsinə xidmət ediəcək.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türk Dövlətləri Təşkilatının Baş katibi, səfir Kubanıçbek Ömüralıyev, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov, Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş və Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin çıxışı gözlənilir.
Tədbirin yekununda tərəflərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən kommünikenin imzalanması nəzərdə tutulur.