“Biz qarşıya qoyulan bütün hədəflərə nail olduq”-Spiker- ÖZƏL
12:10 Siyasət"Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir oldu və biz qarşıya qoyulan bütün hədəflərə nail olduq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Sessiyada İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycan Milli Məclisinə təhvil verildi. Bu, ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın yeni bir ifadəsidir və eyni zamanda, dövlətimizin müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək sahəsində ardıcıl siyasətinin təsdiqidir.
20-ci sessiyanın sədri kimi mən açılış nitqimdə Parlament İttifaqına Milli Məclisin sədrliyi dövründə fəaliyyətimizin əsas istiqamətləri barədə danışdım. Bildirdim ki, Milli Məclis təşkilatın rolunun daha da güclənməsinə və üzv ölkələrin parlamentləri arasında iş birliyinin inkişafına çalışacaqdır. Digər məsələlərlə yanaşı, mən sülhün, dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğuladım. İslam dünyasının potensialını tam reallaşdırmağın və onun üzləşdiyi çətinlikləri aradan qaldırmağın yolları barədə fikirlərimi bölüşdüm.
Qeyd edim ki, sessiyada nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış etdilər. 2 gün ərzində ümumən 32 çıxış səsləndi. Beynəlxalq gündəliyin aktual məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Parlament İttifaqının fəaliyyətini daha da təkmilləşdirməyə və üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı əlaqəni genişləndirməyə yönələn qərarlar qəbul edildi.
Tədbirin ən mühüm yekunlarından biri də Bakı Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir".