Azərbaycan mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib - Nazir müavini
11:07 SiyasətAzərbaycan 2020-ci ilin noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış 2 mindən artıq erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasınin xarici işlər nazirinin müavini Elnur Məmmədov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq Konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, hərbçilərimiz bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçiriblər:
"Postmünaqişə dövründə davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən biri məhz bu problemin həllidir. Silahlı münaqişələr zamanı insanların itkin düşməsi yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciədir. BMT Baş katibinin 2025-ci ilin may ayında təqdim etdiyi "Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" adlı hesabatında da dünyada çoxsaylı münaqişələr zamanı baş verən böyük insan itkilərinin əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmət edilməməsi göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəliyin deyil, həm də qlobal humanitar gündəliyin prioritet mövzularından biridir.
Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısını almaq, habelə onların taleyini aydınlaşdırmaq üçün dövlətlərin üzərinə ciddi öhdəliklər qoyur. 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokolları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini, həlak olanların axtarılmasını, insan qalıqlarının eyniləşdirilməsini və onlarla ləyaqətlə davranılmasını tələb edir".
Nazir müavini bildirib ki, Azərbaycanın üzləşdiyi reallıq bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir:
"İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq bu məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib. Bunun sübutu olaraq, hazırda sülh prosesi çərçivəsində də bu məsələ diqqət mərkəzindədir. 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi layihəsinin 9-cu maddəsi məhz Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə birbaşa itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə həsr olunub. 2025-ci ilin fevral ayından etibarən hər hansı üçüncü tərəf olmadan Ermənistanın müvafiq komissiyası ilə birbaşa əlaqə mexanizmləri qurulub və müzakirələr aparılıb".
Nazir müavini qeyd edib ki, milli səviyyədə görülən işlərlə yanaşı, Azərbaycan itkin düşmüş şəxslər probleminin beynəlxalq gündəmdə saxlanılmasına da mühüm töhfələr verir.
"Azərbaycanın təşəbbüsü ilə formalaşmış İtkin Düşmüş Şəxslər üzrə Bakı Dialoqu beynəlxalq ictimaiyyətin bu humanitar faciəyə diqqətinin artırılmasına xidmət edən mühüm platformaya çevrilib. Bakı Dialoqu çərçivəsində növbəti beynəlxalq konfrans bu ilin 7-10 oktyabr tarixlərində keçiriləcək", - deyə nazir müavini bildirib.