Azərbaycan enerji, nəqliyyat və təhlükəsizlik sahəsində mühüm tərəfdaşdır - konqresmen Abraham Hamadeh
10:20 SiyasətAzərbaycan enerji istehsalı, nəqliyyat marşrutları və təhlükəsizlik sahəsində mühüm tərəfdaş rolunu oynayır.
Bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh Newsmax-da dərc olunan məqaləsində bildirib.
Azərbaycana səfərindən sonra ölkənin strateji əhəmiyyətini vurğulayan Arizona ştatını təmsil edən konqresmen qeyd edib ki, Prezident İlham Əliyevlə keçirdiyi görüş ABŞ-ın beynəlxalq nüfuzunun etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdiyi zaman daha güclü olduğunu bir daha göstərib.
"Azərbaycan dünyanın ən mühüm geosiyasi məkanlarından birində yerləşir. Avropa ilə Asiyanın kəsişməsində, həmçinin Rusiya və İranla həmsərhəd olan Azərbaycan enerji istehsalı, nəqliyyat marşrutları və təhlükəsizlik sahəsində mühüm tərəfdaş rolunu oynayır", - Hamadeh yazıb.
Konqresmen vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ticarət dəhlizlərinin genişlənməsinə və regionda sabitliyin təmin olunmasına getdikcə daha çox töhfə verir.
Hamadeh həmçinin bildirib ki, Donald Trampın prezidentliyi dövründə Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olunması istiqamətində ciddi irəliləyiş əldə olunub.
"Bu tarixi irəliləyiş iqtisadi inkişaf, regional sabitlik və uzunmüddətli rifah üçün yeni imkanlar yaradır", - o qeyd edib.
ABŞ konqresmeni əlavə edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasının uğur qazanması üçün beynəlxalq dəstək və fəal iştirak vacibdir.
"ABŞ belə mühüm mərhələdə regiondan kənarda qala bilməz", - Hamadeh vurğulayıb.