ABŞ Zəngəzur xəttində: Ermənistanla əməkdaşlığın pərdəarxası ÖZƏL

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Gorus şəhərinə səfər edərək Amerikanın bu ölkədəki ən iri şirkətlərindən olan "ContourGlobal"ın ofisində Ermənistanın enerji təhlükəsizliyi və gələcək layihələr barədə müzakirələr aparıb.

ABŞ-Ermənistan strateji yaxınlaşmasının Zəngəzur dəhlizi və regional təhlükəsizlik balansına təsiri necə olacaq? Bu görüş hansı məqsədi daşıyır?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Məlum olduğu kimi, Vaşinqton görüşündə təkcə sülh sazişi paraflanmadı. Eyni zamanda Ermənistanla Azərbaycan arasında əsas mübahisəli məsələlərdən biri olan Zəngəzur dəhlizində maneəsiz keçidin necə təmin ediləcəyi məsələsinə də aydınlıq gətirildi.
Belə ki, həmin ərazi, yəni Ermənistan ərazisi 99 illiyinə Amerikaya icarəyə verildi. Yəni ərazinin hüquqi mülkiyyət hüququ Ermənistanda qalır, lakin istifadə hüququ ABŞ-a məxsus olur. ABŞ da bununla həmin ərazidən istifadə edərək Azərbaycanın maneəsiz hərəkətini təmin edəcəyinə zəmanət verdi.
Bundan başqa, əlbəttə ki, ərazi icarəyə verildiyi üçün söhbət təkcə maneəsiz keçiddən getmir. Eyni zamanda infrastrukturun qurulması, yolların çəkilməsi və müxtəlif layihələrin həyata keçirilməsi kimi məsələlər də var. Amerikanın bu istiqamətdə Ermənistanla əməkdaşlıq etməsində qeyri-adi heç nə yoxdur.
Bir çox hallarda bu, təhdid kimi təqdim olunur, guya Ermənistan bizim əleyhimizə hansısa fəaliyyət göstərə bilər. Amma nəzərə almaq lazımdır ki, bu prosesdən sonra Ermənistanın Azərbaycana qarşı nə edə biləcəyi artıq absurd məsələdir.
Bizim əsas problemimiz Qarabağ münaqişəsinin həlli idi və bu məsələ həll olunub. İndi isə sülh müqaviləsinin imzalanmasını və Naxçıvana maneəsiz keçidin təmin edilməsini istəyirik. Bunlar həyata keçirildikdən sonra Ermənistanın hansısa ölkə ilə əməkdaşlıq etməsinin bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Ermənistan artıq müstəqil dövlət kimi öz siyasətini həyata keçirə bilər. Biz ömrümüzün sonuna qədər bu ölkə ilə müharibə və düşmənçilik şəraitində yaşamayacağıq.
Əgər bu məsələyə fərqli yanaşsaq, bu, məntiqsiz olar və hətta özümüzə qarşı mənfi kampaniyaların başlanmasına səbəb ola bilər. Mən ümumilikdə bu yaxınlaşmaları, Zəngəzur dəhlizi layihəsini və ümumiyyətlə "Tramp yolu"nun istismara verilməsini, maneəsiz hərəkətin təmin edilməsi baxımından müsbət qiymətləndirirəm. Əlbəttə ki, Azərbaycan da bu prosesləri yaxından izləyir.
Ümumiyyətlə, bu gün Ermənistanın Amerika ilə münasibətlərindən daha çox Azərbaycanın ABŞ ilə münasibətləri inkişaf edir. Tramp ilə cənab Prezident arasında dialoqlar, qarşılıqlı təbriklər, eləcə də liderlərin bir-birinə qeyri-rəsmi tonda müraciət etməsi münasibətlərin inkişaf etdiyini göstərir.
ABŞ burada təsir dairəsini genişləndirir. Prinsip etibarilə, biz də bunu Ermənistan tərəfində olduğu kimi təhdid kimi qəbul etmirik. Hesab edirəm ki, ABŞ bu prosesdə ona görə fəaldır ki, bu, sülh prosesində real nəticə əldə edə bildiyi yeganə münaqişədir.
Digər tərəfdən, həm Ermənistan, həm də Azərbaycan ABŞ-ı öz yanında görmək və onunla əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə də vaxtilə Rusiyanın təsir dairəsində olmuş iki ölkənin indi ABŞ-la yaxınlaşması, prinsip etibarilə, Vaşinqtonun maraqlarına uyğundur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31