Paşinyanın "Daşnaksütyun" planı: Hakimiyyəti qorumaq, yoxsa sülhə gedən yol? – ÖZƏL
16:37 SiyasətErmənistanın hüquq-mühafizə orqanlarının "Daşnaksütyun" Partiyasının tanınmış simalarından biri, qatı revanşist İşxan Saqatelyanın evində axtarış keçirdiyi bildirilir. "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyanın sözlərinə görə, nə ona, nə də vəkil Sergey Arutyunyana evə daxil olmağa icazə verilib. Hüquq-mühafizə orqanlarının hansı səbəbdən əməliyyat keçirdiyi açıqlanmayıb. Saqatelyan ifadə vermək üçün çağırılıb.
Bəs bu qəbil həbs və sıxışdırmaların hədəfi nədir? Paşinyan nəyə nail olmaq istəyir?
"Rusiyanın təsiri altında olan müxalif qüvvələrin və digər siyasi güclərin sülh prosesinə mane olmaq üçün bütün imkanlarını səfərbər etməsi artıq heç kim üçün sirr deyil. Ona görə də Paşinyan anlayır ki, bu qüvvələr Ermənistanda müxtəlif təxribatlara əl ata bilərlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçdeyib. Siyasi şərhçi bildirib ki, Paşinyan artıq hakimiyyətə gəlib və sonrakı mərhələdə öz hakimiyyətini yenidən möhkəmləndirməyə nail olub. İndi onun qarşısında əsas hədəflərdən biri odur ki, sülh prosesinə mane ola biləcək qüvvələri neytrallaşdırsın. Çünki əks təqdirdə Paşinyanın həyata keçirmək istədiyi sülh gündəliyi ciddi təhdidlərlə üzləşə bilər. Nəzərə almaq lazımdır ki, 1999-cu ildə Ermənistan parlamentində baş verən silahlı hücum və qətl hadisəsi də təsadüfi hadisə kimi qiymətləndirilmir. Həmin prosesin də müəyyən mənada sülhə aparan yolun qarşısının alınmasına xidmət etdiyi barədə fikirlər mövcuddur. Bu baxımdan düşünürəm ki, Paşinyanın qarşısında seçim kifayət qədər aydındır. Ya bu qüvvələrin təsir imkanlarını qanuni yollarla məhdudlaşdırmalıdır ki, gələcəkdə hər hansı insident və ya ciddi problem yaranmasın, ya da onun sülhlə bağlı planlarının reallaşması çətinləşə bilər.
"Daşnaksütyun məsələsinə gəldikdə isə, məlumdur ki, bu təşkilat Ermənistanda ciddi siyasi təsirə malik qüvvələrdən biridir. Onun addımları və fəaliyyəti Ermənistan siyasətinə və cəmiyyətinə müəyyən təsir göstərmək gücünə malikdir. Buna görə də Paşinyan hakimiyyətinin həmin qüvvəyə qarşı sərt mövqe nümayiş etdirməsi təsadüfi deyil. Digər tərəfdən, Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın və partiyanın da müəyyən təhlükələrlə üzləşdiyi görünür. Bu baxımdan həmin təhdid mənbələrinin neytrallaşdırılması Paşinyan tərəfindən yalnız şəxsi və siyasi maraqların qorunması kimi deyil, eyni zamanda Ermənistanın gələcək təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addım kimi təqdim edilir. Başqa sözlə, Paşinyan təkcə öz hakimiyyətini qorumağa çalışmır, eyni zamanda Ermənistan cəmiyyətində kök salmış və onun fikrincə ölkənin gələcəyinə mane olan müəyyən ideoloji yanaşmaları da zəiflətməyə çalışır. Bu səbəbdən baş verənləri sadəcə olaraq siyasi sıxışdırma kimi deyil, Ermənistanın gələcəyi və sülh gündəliyi baxımından atılan addımların tərkib hissəsi kimi qiymətləndirənlər də var. Bu baxımdan hesab etmək olar ki, həyata keçirilən tədbirlər Paşinyanın fikrincə Ermənistanın daha sabit, təhlükəsiz və sülhə yönəlmiş inkişafı üçün formalaşdırılacaq siyasi mühitin təməlini yaratmağa xidmət edir", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova