Türk dünyasının birliyi gələcəyimizin ən etibarlı təminatlarından biridir- ÖZƏL
15:44 Siyasət
"Türk Dünyası Həftəsi çərçivəsində keçirilən, Türkologiya Qurultayının 100 illiyinə həsr olunmuş mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət səsləndirildi. Müraciətdə ortaq dilimizin, tariximizin, mədəni irsimizin qorunması, türk xalqları arasında elmi, mədəni və mənəvi əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi vurğulandı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib: "Türkologiya Qurultayının 100 illiyi təkcə elmi bir yubiley deyil, həm də türk dünyasının ortaq dəyərlərinə, milli kimliyinə və gələcək əməkdaşlığına verilən önəmin ifadəsidir. İnanıram ki, bu cür beynəlxalq tədbirlər türk dövlətləri və xalqları arasında həmrəyliyin, qarşılıqlı etimadın və birgə inkişafın daha da güclənməsinə mühüm töhfə verəcək".
Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, "Türk Dünyası Həftəsi" yalnız tarixi bir hadisənin yubileyi deyil, eyni zamanda ortaq dilimizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin və elmi irsimizin gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm platformadır: "İnanıram ki, bu cür təşəbbüslər türk dövlətləri və xalqları arasında elmi, mədəni və humanitar əməkdaşlığın daha da dərinləşməsinə, ortaq kimlik və həmrəylik ruhunun güclənməsinə mühüm töhfə verəcəkdir. Türk dünyasının birliyi və həmrəyliyi ortaq gələcəyimizin ən etibarlı təminatlarından biridir".