İranın Zəngəzur planına mane olmaq imkanları nə qədərdir?-Ekspertdən açıqlama- ÖZƏL
15:19 SiyasətErməni ekspert Vladimir Poqosyan iddia edib ki, regional və qlobal güclərin, o cümlədən ABŞ, Rusiya, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı müzakirələrinə baxmayaraq, Tehran bu marşrutun reallaşmasına qətiyyən icazə verməyəcək və Ermənistanın maraqları bu məsələdə İranla uzlaşır.
İranın Zəngəzur dəhlizini təkbaşına bloklamaq gücü nə dərəcədə realdır? Böyük güclərin uzlaşdığı TRIPP marşrutuna Tehran təkbaşına mane ola bilərmi? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Ermənistanda bu məsələyə baxışda müəyyən fərqliliklər var. O qüvvələr ki, qərblə münasibətlərin normallaşmasında və regionda sabitliyin sürdürülməsində maraqlıdır, onlar Zəngəzur dəhlizinin açılmasının tərəfdarı kimi çıxış edirlər. Digər, ikinci qrup isə bunun qəti əleyhinədir.
Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə gəldikdə isə, əlbəttə ki, orada müəyyən problemlərin olmasına baxmayaraq, hesab edirəm ki, bu dəhliz açılacaq. Çünki artıq bununla bağlı Ermənistan və Amerika arasında faktiki olaraq bütün hüquqi və texniki proseslər öz həllini tapıb. Yekun mərhələdə isə fiziki işlərin başlanması gözlənilir.
Bir ay öncə ABŞ dövlət katibinin Ermənistana qısa müddətli səfəri zamanı da bu məsələ ayrıca müzakirə mövzusu olub. Tərəflər bu məsələdə öz mövqelərini bir daha ifadə ediblər. Əlbəttə ki, rəsmi Tehran bu məsələnin əleyhinə olduğunu bəyan edir və zaman-zaman müxtəlif şəxslərin dili ilə bunun əleyhinə açıqlamalar səsləndirilir.
Hesab edirəm ki, bu, Ermənistanın daxili işi olmaqla yanaşı, həm də beynəlxalq öhdəlikdir. Ermənistanla Amerika arasında anlaşma memorandumu imzalanıb və bu istiqamətdə işlər həyata keçiriləcək.
İranın isə bunu təkbaşına bloklamaq gücü yoxdur. Hesab edirəm ki, İran buna cəhd göstərsə də, buna müvəffəq olması real görünmür. Çünki bu kifayət qədər ciddi məsələdir və burada yalnız İranın dominant roluna heç kim razılaşmaz. Yəni İran Hörmüz boğazında etdiyini indi Zəngəzur dəhlizində etməyə çalışacaqsa, hesab edirəm ki, bunun baş tutma ehtimalı çox aşağıdır. Bu baxımdan, əgər İran buna mane olmağa çalışarsa, Amerika ilə qarşıdurmanı da yenidən göz önünə almalıdır. İran hazırkı şərtlər daxilində Amerika ilə toqquşmaya hazır deyil. Baxmayaraq ki, verilən bəyanatlar kifayət qədər sərtdir, düşünürəm ki, bu, daha çox siyasi ritorikadır.
Nəticə etibarilə hesab edirəm ki, Zəngəzur dəhlizi açılacaq. Azərbaycan üçün əsas məsələ Naxçıvanla əlaqənin maneəsiz və təhlükəsiz şəkildə təmin edilməsidir. Burada Türkiyə və digər güclər də maraqlıdır. Əgər Tehran təkbaşına bu prosesi dayandırmağa cəhd etsə, onların buna izləyici qalması mümkün görünmür".
Zeynəb Mustafazadə