Bəzi Avropa dairələri siyasi ritorika ilə məşğul olur- ÖZƏL
13:45 Siyasət"Avropa institutlarının fəaliyyətində ikili standartların mövcudluğu isə artıq açıq şəkildə görünür. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən dairələr Avropanın özündə baş verən daha ciddi problemlərə çox zaman göz yumurlar. Bir sıra Avropa ölkələrində dinc aksiyaların dağıdılması zamanı polis zorakılığı, jurnalistlərə təzyiqlər, miqrantlara və azlıqlara qarşı diskriminasiya, dini azadlıqların məhdudlaşdırılması kimi halların artdığı müşahidə olunur. Lakin bu məsələlərlə bağlı nə Strasburqdan, nə də Brüsseldən eyni sərtlikdə reaksiyalar gəlir. Bu isə yanaşmanın seçmə xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Əlbəttə, bütün bunlar təsadüfi deyil. Son illərin təcrübəsi göstərir ki, anti-Azərbaycan xarakterli sənədlər Avropa platformalarında sistemli şəkildə gündəmə gətirilir. Xüsusilə Avropa Parlamenti son dövrlərdə Azərbaycana qarşı qərəzli mövqenin əsas mərkəzlərindən birinə çevrilib. Son beş ildə qəbul edilən çoxsaylı qətnamələrdə regionun yeni reallıqları nəzərə alınmadan Azərbaycana qarşı ittihamlar səsləndirilib və birtərəfli mövqelər nümayiş etdirilib.
Bu yanaşma onu göstərir ki, bəzi Avropa siyasi dairələri Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Onlar bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə, köhnəlmiş stereotiplərdən və siyasi qərəzdən çıxış etməyə davam edirlər. Nəticədə isə özlərinin obyektivlik və etibarlılıq imicinə zərbə vururlar.
Azərbaycan üçün belə çıxışlar artıq yeni deyil. Bakıda yaxşı anlayırlar ki, regionun gələcəyini siyasi bəyanatlar və qətnamələr deyil, real layihələr, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlar müəyyən edir. Bu baxımdan Azərbaycanla Avropa arasında əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində uğurla davam edir.
Bir tərəfdən bəzi Avropa dairələri siyasi ritorika ilə məşğul olduqları halda, digər tərəfdən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini davam etdirir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini gücləndirir, qlobal təşəbbüslərlə çıxış edir və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir".