Regionda bir-birini tamamlayan nəqliyyat dəhlizləri şəbəkəsi formalaşa bilər- ÖZƏL

"Ermənistandan İran sərhədinədək uzanan tunelin tikintisinə start verilib. Hesab edirəm ki, Kacaran tuneli və Araz dəhlizi birlikdə İranın geosiyasi narahatlıqlarını əhəmiyyətli dərəcədə azaldır. Bu isə Tehranın Zəngəzur dəhlizinə emosional və təhlükəsizlik prizmasından deyil, daha çox iqtisadi və tranzit maraqları baxımından yanaşmasına şərait yarada bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin deputatı Tahir Mirkişili deyib: "Hazırkı şərait İranın öz siyasətini qarşıdurmadan daha çox balanslaşdırma üzərində qurmasını tələb edir. Çünki hazırda İran iqtisasiyyatının inkişafı üçün bu, əsas şərtlərdən biridir.

Aydın görünür ki, İran Ermənistanla Şimal-Cənub magistralını inkişaf etdirməyə davam edəcək, Azərbaycanla Araz dəhlizi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığı genişləndirəcəkdir. Nəticədə regionda bir-birinə rəqib olan deyil, bir-birini tamamlayan nəqliyyat dəhlizləri şəbəkəsi formalaşa bilər. Bu model həm Azərbaycan, həm İran, həm də Ermənistan üçün tranzit gəlirlərini artırmaq potensialına malikdir. Azərbaycanın məqsədi də məhz bu çoxşaxəli nəqliyyat arxitekturasının əsas qovşaqlarından birinə çevrilməkdir və biz bu istiqamətdə xeyli məsafə də qət etmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31