“Türkologiya” jurnalının yeni nömrəsi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib

"Türkologiya" jurnalının 2026-cı il üzrə ilk nömrəsi işıq üzü görüb.

AMEA Nəsimi adına Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsi əsasən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş elmi araşdırmaları özündə birləşdirir. "Birinci Türkoloji Qurultay - 100" bölməsində Azərbaycan və Türkiyədən olan alimlərin qurultayın tarixi, elmi əhəmiyyəti, iştirakçıları və türkoloji fikrin inkişafındakı rolu ilə bağlı məqalələri yer alıb.

Bölmədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və müasirlik" sərlövhəli məqaləsi yer alıb. Akademik Nizami Cəfərov isə "Dağıstan və Şimali Qafqaz türkləri Birinci Türkoloji Qurultayda" mövzusunda araşdırmasını təqdim edib.

Professor Nadir Məmmədlinin "Birinci Ümumittifaq Türkoloji Qurultayı məxfi arxiv sənədlərində" sərlövhəli məqaləsində qurultayın indiyədək geniş ictimaiyyətə məlum olmayan arxiv materialları tədqiq olunub. Professor Mahirə Hüseynova isə Anadolu-Balkan türkləri ədəbiyyatının araşdırılmasını Birinci Türkoloji Qurultay kontekstində təhlil edib.

Türkiyəli alim Mustafa Önerin "1926 Bakı Türkoloji Qurultayında Türkiyə heyəti" məqaləsi qurultayda iştirak edən Türkiyə nümayəndələrinin fəaliyyətinə işıq salır.

Rüfət Rüstəmovun "Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyəti", Baba Məhərrəmlinin "Bəkir Çobanzadə və Birinci Türkoloji Qurultay", Şəlalə Ana Hümmətlinin "Birinci Türkoloji Qurultayın "Bülleten"ləri: məxəzlərdə qalan izlər" və Namiq Əhmədovun "Sovet ideoloji məkanı və "Kommunist" qəzetində Birinci Türkoloji Qurultay diskursu" adlı məqalələri də xüsusi maraq doğurur.

Jurnalda, həmçinin Azər Turanın Əli bəy Hüseynzadənin qurultaydakı məruzəsi, həmin günlərdə yazdığı gündəlik qeydlər və Menzelin "Birinci Türkoloji Qurultay" kitabında onun haqqında yer alan fikirlərə həsr etdiyi araşdırması dərc olunub.

"Resenziya" bölməsində Şəlalə Ana Hümmətlinin professor Nadir Məmmədlinin "1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" kitabına dair, İmanyar Quliyevin isə Elbrus Əzizovun "Türkoloji dilçilik məsələləri" əsərinə həsr olunmuş resenziyaları yer alıb.

"Elmi həyat" rubrikasında xronika materialları təqdim olunub, "Personalia" bölməsi isə görkəmli türkoloq-alim Vladimir Qordlevskinin anadan olmasının 150 illiyinə həsr edilib.

"Türkologiya" jurnalının baş redaktoru professor Nadir Məmmədlidir. Jurnalın yeni sayı Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31