Qondarma erməni soyqırımını yenidən gündəmə gətirmək cəhdi ədalətsiz yanaşmadır- ÖZƏL
10:48 Siyasət"İsrail hökuməti qondarma erməni soyqırımının rəsmi şəkildə tanınmasını nəzərdə tutan qərar layihəsini dəstəkləyib. Yəqin ki, bu məsələyə həmin ölkənin parlamentində baxılacaq. Regional münasibətləri gərginləşdirəcək İsrail hökumətinin bu addımı çox ədalətsiz yanaşmadır. Orta Şərqdə münaqişlərin dərinləşdiyi indiki məqamda belə addımlar müsbət qarşılana bilməz". Bunu "Olaylar"a siyasi ekspert Əkrəm Bəydəmrli deyib: "Bir zəruri məqamı qeyd etmək istərdim ki, erməni xəstəliyinin tüğyan etdiyi dövrlərdə bir çox ölkələr belə vasitəsindən istifadə edərək qondarma erməni soyqırımı tanıyaraq Türkiyəyə təzyiq göstərməyə cəhd ediblər. Belə ölkələrin sayı xeylidir. Yekunda nə dəyişib?
Demək olar ki, ciddi bir dəyişiklik baş vermədi. Əslində ermənilərdən və bu qondarma soyqırımdan həmin ölkələr məqamı gələndə alət kimi istifadə ediblər. Yenə həmin üzqarası olan siyasəti gündəmə gətirmək istəyirlər.
Erməni məmləkətinin baş naziri N. Paşinyan öz çıxışlarında dəfələrlə qondarma soyqırımı məsələsindən imtina etdiklərini, Türkiyə və Azərbaycanla sülh şəraitində əməkdaşlığa önəm verdiklərini bəyan etmişdi. Əslində regionda davamlı sülhün bərqərar olması üçün bu müsbət tendensiyadır. Təəccüblü odur ki, erməni baş nazir üzqarası olan qondarma erməni soyqırımından imtina etdiyi bir məqamda İsrail höküməti bu siyasəti yenidən gündəmə dartır. Bu erməni sevgisindən daha çox Türkiyəyə təzyiq, Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir.
111 il bundan əvvəl soyqırımın baş verib-vermədiyini araşdırmaq tarixçilərin işidir. Hazırda isə Fələstində, Qəzzada 70 mindən artıq insanın ölümünü araşdırmaq isə beynəlxalq məhkəmənin işi olmalıdır".