Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:48 Siyasətİyunun 24-də Haaqada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.
Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı mövqelərini bölüşüblər.
Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Niderlandın bir sıra rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.