Elçin Xalidbəyli: “Paşinyan Ermənistandakı Rusiya şəbəkəsini təmizləyir” – ÖZƏL
16:47 Siyasət"Paşinyan hakimiyyətinin hazırda üzərinə getdiyi və sıxışdırmağa çalışdığı qüvvələrin mütləq əksəriyyəti həm onun siyasi rəqibləridir, həm də Rusiyanın agentura şəbəkəsinin təmsilçiləri hesab olunurlar. Burada önəmli məqamlardan biri də ondan ibarətdir ki, Paşinyanın həbs etdiyi və ya həbs etmək niyyətində olduğu siyasi fiqurların böyük əksəriyyəti radikal revanşist düşərgəni təmsil edirlər".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu radikal revanşist düşərgə isə Rusiyanın təlimatları əsasında təkcə Ermənistanda deyil, ümumilikdə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin artırılmasına cəhd göstərir. Paşinyan təbii ki, bu qüvvələrin onun hakimiyyəti üçün ciddi təhlükə yaratdığını anlayır. Məhz buna görə də həmin qüvvələri siyasi proseslərdən kənarlaşdırmaq və təsir imkanlarını minimuma endirmək qərarına gəlib. Artıq bu istiqamətdə qətiyyətli və prinsipial addımlar atmaqdadır. Paşinyan hakimiyyətinin əsas hədəfi Ermənistandakı radikal revanşist düşərgəni zəiflətmək, həm ölkə daxilində hakimiyyətini möhkəmləndirmək, həm də Ermənistanın inkişaf perspektivlərinin qarşısında duran maneələri aradan qaldırmaqdır. Bununla yanaşı, Azərbaycanla sülh sazişinin imzalanması üçün daha əlverişli siyasi şərait formalaşdırmağa çalışır. Çünki Rusiyanın agentura şəbəkəsinə bağlı olduğu iddia edilən radikal revanşist qüvvələr aktiv fəaliyyət göstərdikcə, Paşinyan hakimiyyətinin konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirməsi də o qədər asan görünmür. Böyük ehtimalla, Paşinyan həm də konstitusiya ilə bağlı referendum mərhələsinə hazırlaşır və bu proses sülh sazişinin imzalanmasının qarşısında duran maneələrin aradan qaldırılmasına xidmət edə bilər.
"Növbəti mərhələdə isə Paşinyanın hədəfləri sırasında ABŞ və Azərbaycanın da iştirak edəcəyi TRIPP layihəsinin, yəni Zəngəzur dəhlizinin açılması ilə bağlı planların həyata keçirilməsi dayanır. Bu layihənin qarşısında duran əsas maneələrdən biri də məhz Rusiyanın agentura şəbəkəsinə bağlı olduğu iddia edilən radikal revanşist qüvvələr hesab olunur. Belə görünür ki, Paşinyan Cənubi Qafqazda daha konstruktiv və proqressiv proseslərin qarşısında maneə rolunu oynaya biləcək daxili qüvvələri zəiflətməyə çalışır. Eyni zamanda, Rusiyanın Ermənistan üzərindəki birbaşa təsir və təzyiq mexanizmlərini də ciddi şəkildə məhdudlaşdırmağa cəhd göstərir", - deyə siyasi şərhçi əlavə edib.
Səidə Ramazanova