Əkbər Qoşalı: “Bakı Bəyannaməsi İslam dünyasının müasir təhdidlərə qarşı ortaq bəyanatıdır” – ÖZƏL
16:34 Siyasət"Bakı Bəyannaməsi İslam dünyasının çağdaş çağırışlara ortaq baxışının siyasi ifadəsidir. Sənəd göstərir ki, bu gün təhlükələr artıq yalnız klassik hərbi müstəvidə qalmır, informasiya, texnologiya, ideologiya və mənəvi təhlükəsizlik müstəvisində də formalaşır".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki,
kiberhücumlar dövlətlərin kritik infrastrukturunu, iqtisadiyyatını və milli təhlükəsizliyini hədəfə alır; terrorizm fiziki zorakılıq olmaqla birgə, həm də cəmiyyətlər arasında nifaq yaratmaq vasitəsidir; islamofobiya isə milyonlarla insanın dini azadlığına, ləyaqətinə və təhlükəsizliyinə yönəlmiş ifrat ayrı-seçkilik formasıdır. Bu təhdidlərin heç biri ayrı-ayrı dövlətlərin çalışmaları ilə tam aradan qaldırıla bilməz. İslam ölkələri ilk növbədə ümumi təhlükəsizlik koordinasiya mexanizmlərini gücləndirməli, kiber təhlükəsizlik sahəsində informasiya alış-verişini dərinləşdirməli, terrorizmin maliyyələşdirilməsinə qarşı ortaq hüquqi və institusional platformlar yaratmalı, islamofobiyaya qarşı isə vahid diplomatik, informasiya və hüquq strategiyası formalaşdırmalıdır. Eyni zamanda elm, təhsil, media və mədəniyyət sahələrində işbirliyi genişləndirilməli, gənc nəsildə qarşılıqlı sayğı, dini dözümlülük və multikultural dəyərlər təşviq edilməlidir. Çünki təhlükəsizliyin ən güvənli təminatlarından biri də maarifləndirmə və sağlam ictimai şüurdur.
Yazar qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr problemləri birlikdə ifadə etməkdən başqa, onların həlli yönündə də ortaq siyasi iradəni nümayiş etdirir. Bakı Bəyannaməsinin ən önəmli üstünlüklərindən biri bu olmalı. Bax, belə olunca təşkilat içində həmrəyliyin möhkəmlənməsinə, parlament diplomatiyasının daha təsirli alətə çevrilməsinə, beynəlxalq təşkilatlarda vahid mövqelərin əlaqələndirilməsinə və qarşılıqlı güvənin güclənməsinə mühüm töhfə verə bilər. Ölkəmiz İslam dünyasında dialoqun, həmrəyliyin və işbirliyinin təşviqinə gerçək töhfə verən dövlətlərdən biridir. Azərbaycanın ev yiyəliyi etdiyi Bakı Sessiyası bunu bir daha göstərdi. Bəyannamə məhz bu siyasi iradənin və məsuliyyətli yanaşmanın növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova