Çinin Rusiya-Ukrayna müharibəsindəki əsl hədəfi nədir? – ÖZƏL
16:24 Siyasət"Belə statistik məlumatlar var ki, Çinin Ukrayna ilə ciddi ticarət əlaqələri mövcuddur və ümumiyyətlə, Ukraynaya idxal olunan məhsulların təxminən 21 faizi Çinin payına düşür. Çin dünyanın əsas sənaye bazasıdır. Dünyadakı istehsalın böyük bir hissəsi Çində cəmləşib. Ona görə də bütün dövlətlər, o cümlədən Ukrayna da Çinlə əməkdaşlıq edir və bu, tamamilə anlaşılandır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Çin burada birmənalı şəkildə Rusiyanın tərəfində deyil. Düzdür, Çin Rusiyanı müəyyən mənada dəstəkləyir, amma bu, eyni zamanda Ukrayna ilə əməkdaşlıq etmədiyi anlamına gəlmir. Bundan başqa, Çinin ABŞ və Avropa ilə də çox ciddi ticarət tərəfdaşlığı mövcuddur. Bu baxımdan Çin ilk növbədə iqtisadi maraqlarını əsas götürür. Əgər Çin təkcə bu ilin bir neçə ayı ərzində Ukraynaya 8-10 milyard dollar dəyərində məhsul satırsa, bu o deməkdir ki, ilin sonunda ticarət dövriyyəsi daha da böyük ola bilər. Yəni Çin məhsullarını satır, gəlir əldə edir və ümumiyyətlə bütün dünyaya bazar kimi yanaşır. Məsələnin geosiyasi tərəfinə və siyasi şərhlərinə gəldikdə isə, Rusiya böyük əraziyə malik olsa da, əhalisi məhduddur və hazırda ciddi problemlərlə üzləşmiş bir dövlətdir. Ümumiyyətlə, Rusiyanın gələcəyi ilə bağlı müxtəlif ssenarilər, o cümlədən bölünməsi barədə fikirlər də zaman-zaman gündəmə gətirilir. Bu baxımdan Çin də yəqin ki, hesab edir ki, gələcəkdə belə bir proses baş verərsə, o da müəyyən mənada bundan faydalanmaq istəyəcək. Bu səbəbdən Çin niyə uğurlu layihə hesab olunan Ukraynanı dəstəkləməsin və ya Rusiyanın mümkün zəifləməsi prosesində bu və ya digər formada iştirak etməsin? Digər tərəfdən, Çin prinsip etibarilə hamı ilə balanslaşdırılmış siyasət aparmağa çalışır və ən başlıcası öz maraqlarını qoruyur. O, iqtisadi, siyasi və geosiyasi maraqlarını hər şeydən üstün tutur. Rusiya qarşısında da Çin üçün hansısa böyük təhlükə yoxdur. Sadəcə olaraq, Rusiyanın geniş resurs bazasından istifadə edir. Mövcud vəziyyətdən yararlanaraq Rusiyanın təbii sərvətlərindən, faydalı qazıntılarından, meşə ehtiyatlarından faydalanmağa çalışır, ondan daha ucuz qiymətə neft, qaz və digər enerji resursları alır. Lakin bütün bunlar o demək deyil ki, Çin Rusiyanın qalib gəlməsini və daha da güclənməsini istəyir. Əksinə, Çin anlayır ki, Rusiya nə qədər zəif olarsa, bir o qədər ona iqtisadi və siyasi baxımdan bağlı olacaq. Faktiki olaraq da bu proses artıq müşahidə olunur. Əgər gələcəkdə Rusiyanın başına hansısa ciddi hadisələr gələrsə və ya ölkə parçalanma təhlükəsi ilə üzləşərsə, Çin də yəqin ki, bundan müəyyən pay əldə etməyə çalışacaq. Bu gün Çinin apardığı siyasət tamamilə onun strateji maraqlarına xidmət edir.
"Geosiyasi baxımdan Ukrayna-Rusiya müharibəsi Çin üçün müəyyən mənada fürsət hesab oluna bilər. Çinə daha da güclənmək və möhkəmlənmək üçün vaxt lazımdır. Buna görə də o, tərəflərlə balanslı iqtisadi və ticarət əlaqələri saxlayaraq öz maraqlarını təmin etməyə çalışır. Eyni zamanda bu siyasət göstərir ki, Çin uzanan və uzunmüddətli xarakter alan münaqişədən müəyyən mənada fayda götürmək niyyətindədir və mövcud vəziyyəti öz strateji maraqları çərçivəsində qiymətləndirir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova