Paşinyan üçün çətin sınaq: Balanslaşdırılmış siyasət, yoxsa Qərbə inteqrasiya? – ÖZƏL
16:11 Siyasət"Zatulin ümumiyyətlə qalmaqallı açıqlamaları və müsahibələri ilə tanınan bir siyasətçidir. Biz bunu dəfələrlə Azərbaycanla bağlı verdiyi açıqlamalarda da görmüşük. Onun səsləndirdiyi fikirlər Rusiyanın rəsmi dövlət mövqeyi hesab edilə bilməz".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu, vacib məqamdır. Zatulin müəyyən siyasi dairələrdə formalaşmış fikirləri ifadə edə bilər, lakin onun dedikləri nə Kremlin rəsmi mövqeyidir, nə də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi baxışını əks etdirir. Buna görə də Zatulinin səsləndirdiyi fikirləri birbaşa Rusiyanın dövlət siyasəti kimi qəbul etmək düzgün olmazdı. Bu, müəyyən mənada Paşinyanı gərginlik içərisində saxlamaq üçün səsləndirilən bir xəbərdarlıq xarakterli mesajdır. Yəni Zatulinin dili ilə Ermənistana çatdırılır ki, gələcəkdə belə bir variant mümkündür və müəyyən nəticələr yarana bilər. Amma mən Ermənistanın de-yure tanınmasından imtina ediləcəyini düşünmürəm. Çünki Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Hətta bu yaxınlarda KTMT ilə bağlı da müxtəlif şərhlər səsləndirilsə də, Ermənistan həmin təşkilatın da de-yure üzvü olaraq qalır, baxmayaraq ki, onun fəaliyyətində faktiki iştirak etmir. Ona görə də Ermənistanın tanınmaması və ya onunla rəsmi münasibətlərin dayandırılması ehtimalını real hesab etmirəm. Bunun əsas səbəblərindən biri də Paşinyanın, ən azı indiki mərhələdə, nə Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri tam qoparmaq, nə də Rusiya rəhbərliyi ilə rəsmi əlaqələri tamamilə dayandırmaq niyyətində olmamasıdır. Məhz buna görə də Ermənistanın de-yure tanınmasından imtina ediləcəyini düşünmürəm.
"Bundan sonra Rusiya-Ermənistan münasibətlərinin necə inkişaf edəcəyi isə əsasən Paşinyanın gələcək xarici siyasət kursundan asılı olacaq. Əgər Paşinyan indiyədək həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı ilə paralel siyasət yürüdərək hər iki istiqamətlə normal münasibətləri qorumağa çalışırdısa, artıq Rusiya açıq şəkildə bildirib ki, Ermənistan seçim etməlidir. Rusiya tərəfi bəyan edib ki, bu seçimin referendum yolu ilə həyata keçirilməsi də mümkündür. Paşinyan isə öz növbəsində bildirib ki, əgər belə bir məsələ real gündəliyə çevrilərsə, o zaman bu variant da nəzərdən keçirilə bilər. Əgər bundan sonrakı dövrdə Paşinyan daha çox Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atarsa, şübhəsiz ki, həm Paşinyana, həm də Ermənistana qarşı Rusiyanın təzyiqləri daha ciddi şəkildə davam edəcək. Yox, əgər o, indiyədək olduğu kimi balanslaşdırılmış siyasəti davam etdirməyə çalışarsa və hər iki istiqamətlə münasibətləri qoruyub saxlasa, onda Rusiya-Ermənistan münasibətlərinin mövcud formatda davam etməsi mümkündür. Bu halda münasibətlər bu günə qədər olduğu kimi müəyyən gərginlik elementləri ilə yanaşı, əməkdaşlıq çərçivəsində də davam edə bilər. Ən real ssenari də məhz budur," - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova