İƏT ölkələri üçün yeni əməkdaşlıq çərçivəsi: Bakı Bəyannaməsinin əhəmiyyəti- ÖZƏL

İƏT Parlament İttifaqının Bakı Sessiyasında qəbul edilən Bəyannamədə təşkilatın nizamnamə və prinsiplərinə sadiqlik təsdiqlənib, eyni zamanda kiberhücumlar, terrorizm və islamofobiyanın artması kimi qlobal təhdidlərin beynəlxalq sülhə və müsəlman icmalarının təhlükəsizliyinə yaratdığı risklərdən narahatlıq ifadə olunub.

Bakı Bəyannaməsində kiberhücumlar, terrorizm və islamofobiya əsas təhlükələr kimi göstərilir. Sizcə, İslam ölkələri bu çağırışlara qarşı hansı ortaq mexanizmləri formalaşdırmalıdır? Bakı Bəyannaməsinin qəbul olunması İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında siyasi həmrəyliyin və əməkdaşlığın güclənməsinə hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Müasir dövrün aktual məsələlərindən biri təhlükəsizlik problemidir. Bu baxımdan İslam ölkələr bir-birinə dəstək göstərmək üçün məlumat mübadiləsi aparmalı, texnoloji əməkdaşlığı inkişaf etdirməlidirlər. Eyni zamanda, elə bir sistem formalaşmalıdır ki, yalnız bir ölkənin deyil, bütün ölkələrin bu sahədə inkişafı təmin olunsun. Əks halda bu istiqamətdə görülən işlər tam effektiv nəticə verməz. Hər bir ölkə öz təhlükəsizlik strategiyasını inkişaf etdirdikdən sonra ümumi regional və beynəlxalq təhlükəsizlik daha da güclənəcək.
Bundan əlavə, bu əməkdaşlıq hərbi deyil, beynəlxalq təşkilatlar çərçivəsində kollektiv şəkildə, beynəlxalq hüquq normalarının formalaşdırılması və tətbiqi istiqamətində həyata keçirilmək niyyətini əks etdirir.
Həmçinin terrorizmlə mübarizə sahəsində ölkələrin bir-birinə dəstək göstərməsi, terrorçuluğun maliyyələşməsinin qarşısının alınması, radikallaşmanın önlənməsi və təhsil, gənclər siyasəti kimi proqramların təşviqi mühüm əhəmiyyət daşıyır.
Hazırda uzun illərdir davam edən problemlərdən biri də islamofobiyadır. Bu istiqamətdə onun qarşısının alınması, medianın və cəmiyyətin düzgün məlumatlandırılması, birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir. Çünki İslam dininin doğru və düzgün şəkildə təbliğ olunması onun sülh, tolerantlıq, insan haqlarına hörmət kimi dəyərlərini beynəlxalq səviyyədə daha geniş tanıda bilər. Bu məqsədlə birgə kampaniyalar, konfranslar və mədəniyyət tədbirləri keçirilə bilər.
Eyni zamanda, İslam ölkələri İslam icmalarının hüquqlarının müdafiəsi və onlara hərtərəfli dəstəyin göstərilməsi istiqamətində də əməkdaşlığı gücləndirə bilərlər.
Ümumilikdə isə bu bəyannamə ölkələr arasında siyasi həmrəyliyin və əməkdaşlığın güclənməsinə töhfə verə bilər. Təbii ki, bunun üçün sənəddə nəzərdə tutulan müddəalara əməl olunması olduqca vacibdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31