Moskvanın mesajı nədir?- Zatulinin bəyanatının pərdəarxası- ÖZƏL

Rusiya Dövlət Dumasının rəsmisi Konstantin Zatulin Ermənistan hakimiyyətini Moskvanın geosiyasi rəqiblərinə yaxınlaşmaqda ittiham edib və münasibətlərdəki gərginliyə görə İrəvanı məsul sayıb. O, Ermənistanda keçirilən parlament seçkilərinin legitimliyini sual altına alaraq, müxalifətə təzyiqlər və kilsə ilə qarşıdurmanı tənqid edib. Zatulin bildirib ki, Moskva ilə İrəvan arasında əlaqələr davam etsə də, bu, seçkilərin legitim sayılması demək deyil.

Mövzu ilə bağlı Beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Zatulinin bu açıqlamasına sadəcə bir nöqtədən baxmaq lazımdır. Rusiya Paşinyan hakimiyyətinə qarşı son baş verənləri bir şantaj vasitəsi kimi istifadə edir. Yəni Rusiyanın məqsədi Ermənistana müdaxilə etmək və yaxud orada hərbi metodlarla və ya buna bənzər üsullarla çevriliş hazırlamaq deyil. Çünki Moskva indi başa düşür ki, Ukrayna ilə gərginlik fonunda Avropanın kollektiv şəkildə Rusiyaya qarşı silahlandığı bir reallıqda Cənubi Qafqazda yeni bir münaqişə yaratmaq Rusiyanın öz maraqları baxımından əks nəticə verə bilər. Ermənistan xalqı, çox böyük ehtimalla, hətta rusiyameyilli qüvvələrin bir hissəsi belə Rusiyanın anti-Paşinyan addımlarına qarşı iqtidarın ətrafında birləşəcək. Bu isə belə planların uğursuzluq ehtimalını artırır. Ona görə də Rusiya hazırda Ermənistanda hakimiyyətə qarşı real addım atmaq niyyətində deyil. Məqsəd daha çox Paşinyanı şantaj etməkdir. Mesaj budur ki, Rusiya böyük dövlətdir və istəsə, öz resurslarının yalnız bir hissəsini Ermənistana yönəldərək anti-Rusiya siyasətinin davam etdirilməsinin mümkünsüz olduğunu göstərə bilər. Bu, Paşinyana ünvanlanmış açıq mesajdır: ya Moskva ilə işləməyə məcbursan, ya da ən azından Rusiyanın maraqlarını nəzərə alaraq xarici siyasətini formalaşdırmalısan.
İndi isə Zatulinin sözlərinə baxaq. O deyir ki, biz Ermənistanla münasibətləri davam etdirəcəyik, lakin bu, seçkilərin nəticələrini tanıdığımız anlamına gəlmir. Yəni Zatulin demək istəyir ki, Paşinyan iqtidarı ilə əlaqələri kəsməyəcəklər. Faktiki olaraq Ermənistanı idarə edən hakimiyyət Paşinyan hökumətidir və onunla münasibətləri saxlamaq Ermənistanla münasibətləri saxlamaq deməkdir.
Ancaq eyni zamanda Rusiya öz təsir və təzyiq vasitələrini də əlində saxlayır. Seçkilərin legitimliyini sual altına almaq Moskvanın Paşinyan üzərində təsir rıçaqlarından biridir. Başqa sözlə, Rusiya Ermənistan dövləti ilə münasibətləri qırmaq və ya iki ölkə arasında uçurumu dərinləşdirmək niyyətində deyil. Sadəcə Paşinyanın anti-Rusiya siyasətini və Qərblə yaxınlaşmasını nəzərə alaraq ona qarşı təsir vasitələrini canlı saxlayır. De-yure tanımamaq məsələsinə gəldikdə isə, Rusiyanın belə bir niyyəti olsaydı, bunu həyata keçirməsinə mane olacaq ciddi faktor yoxdur. Sadəcə hazırda Rusiyanın qarşısında kifayət qədər problemlər var və Moskva diqqətini Ermənistana yönəltmək istəmir. Çünki Ermənistanı hələ tam itirdiyini düşünmür.
Rəsmi sənədlərə, beynəlxalq hüquqi öhdəliklərə görə Ermənistan hələ də Rusiyanın müttəfiqidir. Moskva hesab edir ki, ən pis halda belə bu vəziyyət gələcəkdə Ermənistanda proseslərə fərqli yollarla təsir etmək üçün imkan yarada bilər.
Moskvanın əsas məqsədi Ermənistanın tamamilə Qərbə yönəlməsinin qarşısını almaqdır. Yəni Ermənistanın KTMT-dən çıxmaması, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqı ilə əvəz etməməsi və Rusiya ilə mövcud hüquqi öhdəliklərdən birtərəfli qaydada imtina etməməsidir.
Rusiyanın hazırda bütün səyləri məhz buna yönəlib. Hesab edirlər ki, Ukraynada uğur qazansalar, Avropa ilə qarşıdurmada üstünlük əldə etsələr və digər xarici siyasət problemlərini həll etsələr, daha sonra Ermənistandakı proseslərə daha rahat şəkildə təsir göstərə bilərlər. Bu, Rusiyanın hazırkı mərhələdə edə biləcəyi ən optimal variantdır. Ermənistan-Rusiya münasibətlərinin yaxın perspektivdə inkişafı da böyük ehtimalla bu istiqamətdə davam edəcək.
Paşinyan da körpüləri tam yandırmayacaq. Çünki bu, Ermənistanı Rusiya ilə açıq qarşıdurmaya sürükləyə bilər. Ola bilsin ki, Ermənistan Ukrayna qədər prioritet olmasın, amma belə addımlar atılarsa, Moskvanın diqqətində daha yüksək yer tuta bilər. Ermənistan bunu istəmir. Çünki ölkənin imkanları ilə Rusiyanın imkanları müqayisə edilə bilməz. Hətta Ukrayna-Rusiya müharibəsinin təcrübəsi göstərir ki, Ermənistanın belə bir qarşıdurma seçimi yoxdur.
Buna görə də İrəvan bir tərəfdən Qərbə yaxınlaşmaq imkanlarından istifadə edərək Moskvadan daha çox güzəşt qoparmağa çalışacaq, Rusiya isə öz növbəsində təsir rıçaqlarını nümayiş etdirməklə Ermənistanın Qərbə tam inteqrasiyasının qarşısını almağa çalışacaq.
Nəticə etibarilə, bu gün baş verənlər nə beş il əvvəl, nə də on il əvvəl müşahidə olunmurdu. Bu isə onu göstərir ki, Rusiya həm Ermənistan cəmiyyətində, həm də dövlət səviyyəsində müəyyən nüfuz itkisi yaşayır. Moskva bundan sonra daha ehtiyatlı davranmağa çalışacaq ki, itirdiklərini bərpa edə bilməsə də, heç olmasa yeni itkilərin qarşısını ala bilsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31