Xarici qrantlarla işləyən media qurumları müstəqil deyil

Beynəlxalq Mətbuat İnstitutu (İPİ - İnternational Press İnstitute - Avstriya, Vyana) və Beynəlxalq Media Dəstəyinin (İMS - İnternational Media Support - Danimarka, Kopenhagen) 2026-cı il üçün təsis etdiyi "Beynəlxalq mətbuat azadlığı" mükafatına Azərbaycandan "Abzas Media" və "Meydan TV" də "layiq görülüb". Yaxın günlərdə Kolumbiyanın paytaxtı Boqotada mükafatın təqdimetmə mərasiminin keçirilməsi də nəzərdə tutulur.

Əvvəla, bu mükafatların siyasi xarakter daşıması  ilk növbədə onunla izah olunur ki, bəzi beynəlxalq media və hüquq-müdafiə təşkilatları Azərbaycanla bağlı məsələlərə hər zaman olduğu kimi, bu dəfə də selektiv yanaşmalarını ortaya qouyublar. Və bu ilk deyil və təəccüb də doğurmur. Lakin təəssüflər olsun ki,  müxtəlif ölkələrdə jurnalistlərlə bağlı hüquqi proseslər olduğu halda, bu tip qurumlar yalnız Azərbaycan kimi ölkələri xüsusi diqqət mərkəzinə çıxarırlar və bununla da "ikili standart"  formulunu tətbiq edirlər. 

Azərbaycanın artmaqda olan tarixi uğurlarını görməzdən gələn bu qurumların hesabat və qərarlarında Azərbaycanın mövqeyinin, xüsusilə regional təhlükəsizlik, müharibə sonrası vəziyyət və xarici təsirlər məsələlərinin zərrə qədər də olsun nəzərə alınmadığı açıq-aydın görünür. Azərbaycanın son illərdə regional layihələr, enerji təhlükəsizliyi və beynəlxalq tədbirlərdə rolunun artması fonunda ölkənin müstəqil xarici siyasəti və geosiyasi əhəmiyyətinin yüksəlməsi bəzi xarici dairələrdə narahatlıq yaradır və tənqid kampaniyaları da məhz bunun nəticəsidir.

Bu baxımdan xaricdə fəaliyyət göstərən və ya xarici qrantlarla işləyən media qurumlarını tam müstəqil təqdim etmək mümkün deyil. Çünki həmin media qurumlarını maliyyələşdirənlər onları Azərbaycana qarşı öz mənfur niyyətlərini həyata keçirmək üçün oyuncaq vasitə kimi istifadə edirlər. Mükafatı təsis edən təşkilatlar riyakarcasına "Abzas Media və Meydan TV"-ni jurnalist fəaliyyətinə görə təzyiqə məruz qalan media qurumları kimi təqdim edir və məhz buna görə mükafatlandırdıqlarını bildirirlər. Azərbaycan hakimiyyəti və rəsmiləri isə ən yüksək kürsülərdən dəfələrlə bəyan ediblər ki, jurnalistlərə qarşı irəli sürülən ittihamlar onların peşə fəaliyyəti ilə deyil, hüquq-mühafizə orqanlarının araşdırdığı konkret cinayət işləri ilə bağlıdır. Hər kəs, nəhayət, anlamalıdır ki, Azərbaycanda siyasi mövqeyindən və fəaliyyət növündən asılı olmayaraq hamı qanun qarşısında eyni dərəcədə məsuliyyətlidir. 

Bu mövqe beynəlxalq tənqidlərə cavab olaraq dəfələrlə səsləndirilib. Bir il bundan öncə AR Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən "Abzas Media işi" çərçivəsində bir neçə əməkdaşının müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsi də tam sübuta yetirilmiş faktlar əsasında verilmiş hökmdür. "Meydan TV işi" ilə bağlı məhkəmə prosesləri isə hələ də davam edir. Odur ki, Beynəlxalq mükafatların məhkəmə qərarları qüvvədə olduğu və ya istintaq dövründə verilməsi həm də hüquqi proseslərə siyasi təzyiq elementi kimi qiymətləndirilməlidir.

Əli Hüseynli, 
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31