İkili standartlar davam edir: Qərbi azərbaycanlıların hüquqları niyə görməzdən gəlinir?- ÖZƏL
14:50 SiyasətABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun tanınmasının vacibliyi vurğulanıb, həmçinin Azərbaycan xalqına məxsus mədəni-dini irsin məhv edilməsi faktlarının araşdırılması tələb olunub.
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Beynəlxalq təşkilatlar hər zaman bu məsələlərə ikili standartlarla yanaşıblar və təəssüf ki, bu yanaşma bu gün də davam edir. Təəssüf ki, bu vəziyyəti düzəltdiklərini və ya düzəltməyə çalışdıqlarını da görmürük. Artıq neçə illərdir ki, Ermənistandan zorla deportasiya olunmuş soydaşlarımızın oradakı evləri, iş yerləri dağıdılıb. Maddi-mədəni irsimiz məhv edilib. Ermənistandakı qədim Azərbaycan torpaqlarında türk və Azərbaycan izləri silinir. Amma dünya buna göz yumur.
Bir ovuc erməninin Qarabağda öz müqəddəratını təyinetmə hüququndan danışırlar, bunu dünyanın gündəmində saxlamağa çalışırlar. Nəhayət, Azərbaycan bu məsələni özü həll etdi. Amma insanların öz yurd-yuvalarından qovulması, onlara məxsus mədəniyyət abidələrinin dağıdılması, tarixi abidələrin məhv edilməsi, yer adlarının saxtalaşdırılması kimi vacib məsələləri heç kim görmür və ya görmək istəmir.
Bütün bunlar, əlbəttə ki, qeyri-obyektivliyin bariz nümunəsidir. Bundan sonra da beynəlxalq təşkilatlardan ciddi obyektivlik gözləmirəm. Dünyada baş verən hadisələr bunu açıq şəkildə göstərir. Müharibələr, ölkələrə qarşı həyata keçirilən hücumlar, onların dağıdılması istiqamətində görülən işlər, vandalizm aktları, insanların öldürülməsi və məhv edilməsi göstərir ki, beynəlxalq münasibətlər sistemində nə dərəcədə obyektiv davranılır.
Biz bu ədaləti özümüz bərpa edəcəyik. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışını Azərbaycan dövləti öz gücü ilə təmin edəcək. İnanıram ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq."
Zeynəb Mustafazadə