Paşinyanın gizli KTMT planı: Üzvlük haqqı bilərəkdən ödənilmir? – ÖZƏL

Ermənistan illərdir yığılan üzvlük haqqı borcuna görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işçi orqanlarında səsvermə hüququnu itirə bilər.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O qeyd edib ki, təşkilatın nizamnaməsinə əsasən, büdcəyə iki il ərzində borc yarandıqda həmin dövlətin həm kvota vəzifələrinə namizəd irəli sürmək hüququ dayandırılır, həm də borc tam ödənilənədək səsvermə hüququ məhdudlaşdırılır.

"Ermənistan bunu bilərəkdən və şüurlu şəkildə edir. Ermənistan hakimiyyətinin əsas məqsədlərindən biri ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaqdır. Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi maliyyə imkanlarının olmaması ilə bağlı deyil".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan KTMT-yə ona görə ödəniş etmir ki, bu təşkilatda qalmaq istəmir. Əksinə, təşkilatdan çıxmaq niyyətindədir və bunu dəfələrlə açıq şəkildə bəyan edib. Ermənistan rəhbərliyi bildirib ki, bu təşkilat onlara lazım deyil. Onlar KTMT-nin iclaslarında iştirak etmirlər və faktiki olaraq Ermənistanın təşkilatdakı fəaliyyəti dondurulmuş vəziyyətdədir. Bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın üzvlük haqqının ödənilməməsinə görə Ermənistanın prosedur qaydalarına uyğun şəkildə təşkilatdan çıxarıla biləcəyi barədə açıqlaması Ermənistan hakimiyyətinin niyyətlərinə tam uyğundur. Yəni üzvlük haqqının ödənilməməsinin məqsədi sadəcə maliyyə öhdəliyindən yayınmaq deyil, KTMT-nin prosedurlarına əsasən Ermənistanın təşkilatdan çıxarılması üçün şərait yaratmaqdır. Çünki Ermənistan özü birbaşa təşkilatdan çıxmaq barədə qərar versə, bu, Rusiya ilə münasibətlərdə əlavə gərginliyə səbəb ola bilər. Nikol Paşinyan isə münasibətlərin daha da gərginləşməsini istəmir.

Siyasi şərhçi qeyd edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Rusiyanın təsir dairəsinə daxil olan təşkilatlarla, xüsusilə KTMT və Avrasiya İqtisadi Birliyi ilə Ermənistan arasında kifayət qədər gərgin münasibətlər formalaşıb. Nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra KTMT-nin baş katibi olmuş Yuri Xaçaturova qarşı cinayət işi açıldı və onun həbsinə nail olundu. Bu hadisə Ermənistan hakimiyyətinin və Paşinyan hökumətinin KTMT-yə münasibətinin göstəricilərindən biri hesab oluna bilər. Hazırkı proseslər göstərir ki, gələcəkdə Ermənistanın Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi kimi Rusiyanın təsir dairəsində olan digər qurumlarla münasibətlərində də oxşar tendensiyalar müşahidə oluna bilər. Ermənistan artıq Nikol Paşinyanın rəhbərliyi altında öz siyasi kursunu müəyyənləşdirib. Son parlament seçkilərində Paşinyanın qələbə qazanması və cəmiyyətin ona verdiyi dəstək də göstərir ki, erməni xalqının əhəmiyyətli hissəsi bu siyasəti dəstəkləyir. Burada əsas məqsəd Rusiyanın təsir dairəsinə daxil olan təşkilatlardan uzaqlaşaraq Qərbə və Qərb institutlarına inteqrasiya prosesini sürətləndirməkdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31