İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olunub (TAM MƏTN)

İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının (İƏTPİ) 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olunub.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bəyannamənin mətnini Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Ceyhun Məmmədov oxuyub.

Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Eyni zamanda, dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edilib.

Bakı Bəyannaməsinin tam mətni:

Biz, Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə keçirilən İƏT Üzv Dövlətləri Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak edən üzv parlamentlərin nümayəndələri, habelə digər mötəbər nümayəndə heyətləri,

İƏT Üzv Dövlətləri Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlər ilə bağlı öz sadiqliyimizi, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmətlə yanaşma öhdəliyimizi bir daha bəyan edərək;

İƏT Üzv Dövlətləri Parlament İttifaqının Konfransının 19-cu sessiyasında qəbul edilmiş Cakarta Bəyannaməsi, İƏT 15-ci İslam Zirvə Konfransında qəbul edilmiş Banjul Bəyannaməsi, habelə İstanbulda baş tutan Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində qəbul edilmiş sənədləri və digər müvafiq beynəlxalq aktları rəhbər tutaraq;

Ölkələrimizin üzləşdiyi çoxsaylı mürəkkəb problemləri və dəyişən təhdidləri, o cümlədən kibertəhlükələr, terrorizm və islamofobiyanın getdikcə daha da artan təzahürlərini etiraf edərək, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlman icmalarının dinc və qarşılıqlı anlaşma şəraitində birgəyaşayışına və ictimai həmrəyliyinə mənfi təsir göstərməsindən narahatlığımızı ifadə edərək;

İslamofobiya ilə Mübarizə üzrə Bakı Beynəlxalq Konfransının rolunu dünya müsəlmanlarına qarşı qərəzli münasibət və stiqmatizasiya hallarının artmasına qarşı mübarizəyə həsr olunmuş aparıcı qlobal platforma kimi qiymətləndirərək;

Fələstin probleminin ədalətli və hərtərəfli həllinə dəstəyimizi ifadə edərək, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu, habelə paytaxtı Şərqi Qüds olmaqla, 4 iyun 1967-ci il sərhədləri çərçivəsində müstəqil və suveren dövlət qurmaq hüququnu bir daha təsdiqləyərək, bunun "iki dövlətli həll" perspektivinin möhkəmləndirilməsinə, eləcə də regionda sülh və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayaraq;

Parlamentlərimiz arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, daimi komitələr, parlamentlərarası dostluq qrupları və inzibati qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə, habelə bütün səviyyələrdə institusional əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə sadiqliyimizi bir daha təsdiq edərək;

Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin təşviqində dialoq və diplomatiyanın dəstəklənməsi istiqamətində ikitərəfli və çoxtərəfli parlament əməkdaşlığının əhəmiyyətini vurğulayaraq;

Parlament təşkilatları və digər çoxtərəfli parlament platformaları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası, Parlamentlərarası İttifaq və Asiya Parlamentlərinin Əhali və İnkişaf üzrə Forumu çərçivəsində qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə qardaş müsəlman ölkələrinin ortaq mövqelərinin formalaşdırılması məqsədilə koordinasiyanın gücləndirilməsinə hazır olduğumuzu ifadə edərək;

Azərbaycan Respublikasının mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində oynadığı fəal rolu, o cümlədən YUNESKO və BMT Sivilizasiyalar Alyansı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu, habelə "Peace4Culture" Qlobal Çağırışı kimi təşəbbüsləri qeyd edərək, həmin təşəbbüslərin mədəni müxtəlifliyi təşviq etdiyini, irqindən, etnik mənsubiyyətindən, milliyyətindən, dinindən və digər xüsusiyyətlərindən asılı olmayaraq, bütün insanlar arasında davamlı sülh və qarşılıqlı hörmətin təşviqinin vacibliyini vurğuladığını nəzərə alaraq;

İqlim dəyişikliyi ilə mübarizə sahəsində çoxtərəfli fəaliyyətə və davamlı inkişafa sadiqliyimizi bir daha təsdiq edərək, həmçinin İttifaqa üzv dövlətlərin qlobal iqlim fəaliyyətinin təşviqində oynadığı fəal rolu və BMT-nin İqlim Dəyişikliyi Konfranslarına ev sahibliyi etməklə verdikləri mühüm töhfələri qeyd edərək;

Uca və Mərhəmətli Allahın lütfü ilə, aşağıdakıları bəyan edirik.

Biz:

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, habelə beynəlxalq hüququn məqsəd və prinsipləri, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və mübahisələrin dinc yollarla həll edilməsi prinsiplərinə sadiqliyimizi bir daha təsdiq edirik;

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Parlament İttifaqının (İƏTPİ) parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, ortaq dəyərlərin təşviqi, dialoq və qarşılıqlı anlaşmanın inkişafı, eləcə də qlobal çağırışların həllində birgə fəaliyyətin gücləndirilməsinə bundan sonra da mühüm töhfə verəcəyinə əminliyimizi ifadə edirik;

Terrorizm və ekstremizmin hər hansı din, irq, etnik mənsubiyyət və ya milliyyətlə əlaqələndirilə bilməyəcəyini vurğulayır, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizm və ekstremizmin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyimizi bir daha bəyan edirik;

Fələstin probleminin bütün İslam Ümməti üçün həlledici əhəmiyyət kəsb etdiyini bir daha təsdiq edir, Fələstin xalqının ayrılmaz hüquqlarına dəstəyimizi ifadə edir, bu hüquqların önündə öz müqəddəratını təyin etmək hüququ, fələstinli qaçqınların doğma torpaqlarına geri qayıtma hüququ, təbii sərvətləri üzərində suveren hüquqları, eləcə də paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində müstəqil və suveren Fələstin Dövlətinin yaradılması və müstəqilliyi dayandığını, eyni zamanda, regionda hamı üçün sülh və sabitliyə nail olunmasının yeganə real yolu kimi "iki dövlətli həll"in alternativsiz olduğunu vurğulayırıq;

Fələstin xalqının öz doğma torpaqları daxilində və ya xaricində məcburi köçürülməsinə yönəlmiş planları, habelə hər hansı formada və istənilən şəraitdə həyata keçirilən məcburi köçürmə, sürgün və deportasiya cəhdlərini qətiyyətlə pislədiyimizi, rədd etdiyimizi və bunlara qarşı çıxdığımızı bir daha bəyan edir, bu kimi əməlləri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu çərçivəsində cinayət xarakterli hərəkətlərə bərabər hesab edir, dövlətlərin suverenliyi və sabitliyinə qəbuledilməz müdaxilə, habelə onların təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhdid kimi qiymətləndiririk;

İslamofobiyanın artmasından dərin narahatlığımızı ifadə edir, din və ya inanc zəminində törədilən bütün zorakılıq aktlarını, nifrət nitqini və dini ayrı-seçkilikdən qaynaqlanan ekstremizmi qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti milli və qlobal səviyyədə ekstremizmlə, nifrət nitqi ilə, dinlərin təhqir edilməsi ilə, mənfi stereotipləşdirmə və dinə, inanca və ya etnik mənsubiyyətə əsaslanan şəxslərin stiqmatizasiyası ilə mübarizə aparmaq üçün effektiv tədbirlər görməyə çağırırıq;

Kipr türk müsəlmanlarının öz təbii hüquqlarını təmin etmək istiqamətindəki arzularını dəstəkləyir, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı qəbul edilə bilən, ədalətli, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyini vurğulayır, həmçinin onlara tətbiq edilən ədalətsiz təcridin aradan qaldırılması məqsədilə Kipr türk müsəlmanları ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edirik (İƏT Parlament İttifaqı Katibliyinin təklifi ilə);

Cammu və Kəşmir xalqı ilə həmrəyliyimizi bir daha ifadə edir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, İƏT-in müvafiq sənədlərinə və Kəşmir xalqının iradəsinə uyğun olaraq onların ayrılmaz öz müqəddəratını təyin etmək hüququna tam dəstəyimizi təsdiq edirik;

Myanmada, ələlxüsus Rohinca müsəlman icmasına, eləcə də digər müsəlman qruplara qarşı törədilən ciddi insan hüquqları pozuntularından dərin narahatlığımızı ifadə edir, bu icmanın fundamental hüquq və azadlıqlarının müdafiəsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsinə çağırırıq;

Terrorizmə qarşı mübarizə aparan və qaçqınlara ev sahibliyi edən Sahel ölkələri, o cümlədən Burkina Faso, Çad, Niger və Mali ilə həmrəyliyimizi bəyan edir, bu ölkələrə beynəlxalq dəstəyin artırılmasına çağırırıq;

İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında münaqişəyə son qoyulması, habelə qarşılıqlı razılaşdırılmış məsələlərin müzakirəsi və həlli üçün yol xəritəsinin hazırlanmasına dair əldə olunmuş anlaşmanı alqışlayır, həmçinin bu anlaşmanın tam şəkildə icra olunacağına və onun regional, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcəyinə ümidvar olduğumuzu bildiririk;

Üzv parlamentləri insan hüquqlarının təşviqi və müdafiəsinin müasir, məsuliyyətli dövlət institusional çərçivələri vasitəsilə davamlı şəkildə gücləndirilməsinə çağırır, bu çərçivədə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və texnoloji innovasiyaların tətbiqi, o cümlədən süni intellekt (Sİ) və digər yeni texnologiyalardan məsuliyyətli istifadə xüsusi diqqət mərkəzində olmasını qeyd edir, eyni zamanda, qabaqcıl milli təcrübələrə əsaslanan beynəlxalq əməkdaşlığın və potensialın gücləndirilməsi istiqamətində təşəbbüslərin təşviqini dəstəkləyirik;

İslam ölkələri arasında iqtisadi əməkdaşlıq və inteqrasiyanın inkişafın təşviqi və İslam dünyasının qarşısında duran çoxsaylı çağırışların həllində mühüm rol oynadığını vurğulayırıq;

İƏT üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə dayanıqlı, şaxələndirilmiş, davamlı və inklüziv iqtisadi artımın təşviqi, investisiyaların artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi və regional dəyər zəncirlərinin möhkəmləndirilməsi ilə bağlı öhdəliyimizi bir daha təsdiq edirik;

Üzv parlamentləri İƏT məkanında ticarət və investisiya maneələrinin aradan qaldırılmasına, ticarətin asanlaşdırılması tədbirlərinin təşviqinə, gömrük əməkdaşlığının genişləndirilməsinə və mövcud İƏT ticarət və iqtisadi əməkdaşlıq mexanizmlərinin səmərəli icrasının dəstəklənməsinə çağırırıq;

Regional əlaqəliliyi gücləndirən, ticarəti asanlaşdıran və İƏT üzv dövlətləri arasında iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı və qarşılıqlı əlaqəli nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafını dəstəkləyirik;

Üzv dövlətlərin fərqli milli şəraitini və inkişaf prioritetlərini nəzərə almaqla, enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar və dayanıqlı enerji keçidi sahələrində əməkdaşlığın gücləndirilməsini təşviq edirik;

İƏT üzv dövlətlərini iqlim dəyişikliyi və onun təsirlərinin aradan qaldırılması sahəsində davamlı inkişafın təşviqi, iqlimə davamlılığın gücləndirilməsi və beynəlxalq iqlim öhdəliklərinin səmərəli icrasının hazırkı və gələcək nəsillərin rifahı naminə təmin edilməsi məqsədilə əlaqələndirilmiş fəaliyyət və həmrəyliyi gücləndirməyə çağırırıq;

Beynəlxalq maliyyə institutları, regional inkişaf bankları və özəl sektorla əməkdaşlığın gücləndirilməsi yolu ilə nəqliyyat, enerji, su, rəqəmsal və şəhər infrastrukturu daxil olmaqla, dayanıqlı infrastruktur layihələrinə investisiyaların səfərbər edilməsini dəstəkləyirik;

Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və davamlı ərzaq sistemlərinin əhəmiyyətini tanıyır, iqlimə uyğun kənd təsərrüfatı, aqrar innovasiyalar, su ehtiyatlarının səmərəli idarə olunması, qida təhlükəsizliyi, ərzaq itkisi və israfının azaldılması, toxum təhlükəsizliyi və kənd təsərrüfatı tədqiqatları sahələrində əməkdaşlığın gücləndirilməsinə çağırırıq;

Kiçik və orta sahibkarlığın, sahibkarlıq fəaliyyətinin, "startap" ekosistemləri və innovasiyaya əsaslanan sənaye sahələrinin, xüsusilə qadınlar və gənclər tərəfindən, eləcə də kənd və ucqar bölgələrdə inkişafının dəstəklənməsini, inklüziv iqtisadi artım və məşğulluğun mühüm hərəkətverici qüvvəsi kimi təşviq edirik;

Elm, texnologiya, tədqiqat və ali təhsil sahələrində, o cümlədən birgə tədqiqat təşəbbüsləri, bilik mübadiləsi və potensialın gücləndirilməsi proqramları vasitəsilə innovasiyanın təşviqi və iqtisadi rəqabət qabiliyyətinin artırılması məqsədilə əməkdaşlığın genişləndirilməsini təsdiq edirik;

İqlim dayanıqlığının gücləndirilməsi, ətraf mühitin mühafizəsi və davamlı inkişafın dəstəklənməsi məqsədilə innovativ maliyyələşdirmə mexanizmlərinin yaradılması da daxil olmaqla, inkişafın maliyyələşdirilməsi və yaşıl investisiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırırıq;

İşgüzar mühitin yaxşılaşdırılması, investor etimadının artırılması və məsuliyyətli yerli və xarici investisiyaların təşviqi məqsədilə şəffaf, proqnozlaşdırıla bilən və investisiya üçün əlverişli hüquqi çərçivələrin formalaşdırılmasına yönəlmiş parlamentlərarası əməkdaşlığı dəstəkləyirik;

Qlobal iqtisadi sarsıntılar, pandemiyalar, təbii fəlakətlər və digər çağırışlara daha davamlı olmaq məqsədilə dayanıqlı təchizat zəncirlərinin və kritik infrastrukturun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirik;

Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin əhəmiyyətini bir daha təsdiq edir, daha güclü tərəfdaşlıqlar, Cənub-Cənub və üçtərəfli əməkdaşlıq, eləcə də İƏT institutları arasında koordinasiyanın gücləndirilməsi vasitəsilə, xüsusi olaraq ən az inkişaf etmiş və həssas üzv dövlətlərə dəstəyin artırılmasını müsbət qarşılayırıq;

Dayanıqlı inkişafın maliyyələşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və regional bağlantı layihələrinin həyata keçirilməsi sahələrində İslam İnkişaf Bankı Qrupu və digər müvafiq İƏT institutları ilə daha sıx əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirik;

İƏT Parlament İttifaqının 20-ci Konfransına Bakı şəhərində ən nümunəvi ev sahibliyi etməsi və yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycan Respublikasına minnətdarlığımızı bildiririk.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31