Paşinyan revanşistlərə qarşı hərəkətə keçdi: Yeni həbslər gözlənilir- ÖZƏL

Ermənistanın hüquq-mühafizə orqanlarının "Daşnaksütyun" Partiyasının tanınmış simalarından biri, qatı revanşist İşxan Saqatelyanın evində axtarış keçirdiyi bildirilir. "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyanın sözlərinə görə, nə ona, nə də vəkil Sergey Arutyunyana evə daxil olmağa icazə verilib. Hüquq-mühafizə orqanlarının hansı səbəbdən əməliyyat keçirdiyi açıqlanmayıb. Saqatelyan ifadə vermək üçün çağırılıb. Qeyd edək ki, Saqatelyan Ermənistan "Daşnaksütyun" Partiyasının Ali Orqanının nümayəndəsidir və sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" fraksiyasının deputatıdır.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanda əvvəlki iqtidarların dövründə radikal və ekstremist ünsürlər özlərinə müəyyən qədər yer ediblər. Əsasən də daşnaklar müəyyən fraksiyalarda, partiyalarda təmsil olunurlar. Belələrinin fəaliyyəti Ermənistanın bu günkü siyasi kursuna ziddir. Həmçinin Azərbaycan və Türkiyə ilə sülh prosesinə mənfi təsirlər yaradırlar. Xüsusən Rusiyanın planı əsasında hərəkət edən bu ünsürlər təxribat və dağıdıcılıq fəaliyyəti ilə sülhə maneə olmaq, Rusiyanın maraqlarına xidmət etmək üzrə səfərbər olublar. Paşinyan hökuməti üçün hələ qarşıda həll olunmalı məsələlər var. Konstitusiyanın dəyişməsi, sərhədlərin delimitasiyası və sülhün rəsmiləşməsi üçün bir sıra addımlar atılmalıdır. Odur ki, böyük sülhün qarşını açmaq, maneələri aradan qaldırmaq üçün bu cür təmizləmələrin olması labüddür. Seçkidə məğlub olan Rusiya fraksiyası və daşnaklar ola bilsin terror, təxribat və qarşıdurma proqramı əsasında hərəkətə cəhd ediblər. Bu cür qüvvələrin Ermənistanda kifayət qədər olmasını nəzərə alaraq həbslərin davam edəcəyini ehtimal etmək olar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31