Minalar gizli düşməndir: Təhlükə nə vaxt bitəcək? - ÖZƏL
13:08 Siyasət"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan tam təmizlənməsi ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Çünki minalar və partlamamış sursatlar gizli təhlükə mənbələridir və onların tam xəritəsi Azərbaycanın əlində yoxdur."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Hazırda hansı ərazilərin tam şəkildə minalandığını, hansılarının isə təhlükəsiz olduğunu dəqiq söyləmək mümkün deyil. Eyni zamanda, dağlıq və çətin relyefli ərazilərdə torpaq sürüşmələri, qar uçqunları və digər təbii amillər nəticəsində minaların yerini dəyişməsi ehtimalı da mövcuddur. Bu səbəbdən, hətta mina xəritələri mövcud olsa belə, onların hamısını qısa müddətdə aşkar etmək mümkün olmaya bilər.
Bu baxımdan, işğaldan azad edilmiş ərazilərin minalardan tam təmizlənməsi ilə bağlı konkret vaxt proqnozları vermək olduqca çətindir.
Bundan əlavə, tarixi təcrübə də bunu göstərir. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, bu gün də Ukrayna, Belarus və digər ölkələrin meşəlik ərazilərində partlamamış hərbi sursatlar və minalar aşkar edilir. Yəni müharibənin bitməsindən 80 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin təhlükə tam aradan qalxmayıb.
Bu baxımdan, Azərbaycanla bağlı da real yanaşma sərgiləmək lazımdır. Bəlkə də dəqiq vaxt demək mümkün deyil, lakin ehtimal etmək olar ki, ölkəmiz uzun illər ərzində mina axtarışı və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərini davam etdirməli olacaq."
İbrahim Məmmədli