Azərbaycan Ordusu – yeni geosiyasi reallıqların əsas təminatı - ÖZƏL

"Azərbaycan öz ordusunu fasiləsiz şəkildə və daha böyük maliyyə təminatı ilə gücləndirməlidir. Bunu Cənubi Qafqazda baş verən proseslər tələb edir. Eyni zamanda Mərkəzi Asiyada cərəyan edən hadisələr, Yaxın və Orta Şərqdə vaxtaşırı alovlanan müharibələr, eləcə də qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər Azərbaycanın ordusunu dünyanın ən güclü orduları sırasına çıxarmağı zəruri edir."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün dünya düzəni dəyişir və yeni beynəlxalq nizam getdikcə daha çox güc amili üzərində formalaşır. Beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiq olunması artıq adi hala çevrilib. Dünyanın aparıcı dövlətləri öz maraqları naminə beynəlxalq hüququ pozmaqdan çəkinmirlər. Belə bir şəraitdə ərazisi və əhalisi nisbətən kiçik olan dövlətlər öz təhlükəsizliklərini yalnız güclü müdafiə potensialı hesabına təmin edə bilərlər.

Azərbaycan isə yeni geosiyasi reallıqlarda kənardan müşahidəçi mövqeyində qalmaq niyyətində deyil. Regionda mövcud olan həssas vəziyyət, Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginlik ölkəmizi öz müdafiə imkanlarını daha da gücləndirməyə vadar edir. Bu müdafiənin ən etibarlı təminatı isə ilk növbədə güclü və müasir ordudur.

Digər tərəfdən, Azərbaycanın güclü orduya malik olması qonşuluğumuzda hələ də sülh prosesini tam qəbul etməyən bir dövlətin mövcudluğu ilə də bağlıdır. Həmin ölkədə Azərbaycanın əleyhinə separatizm meyillərini yenidən alovlandırmağa çalışan, hakimiyyətə qayıdaraq sülh prosesini pozmaq istəyən qüvvələr fəaliyyət göstərirlər. Keçmiş Qarabağ münaqişəsini yenidən gündəmə gətirməyə çalışan revanşist dairələrin mövcudluğu da Azərbaycanın müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamağı zəruri edir.

Belə bir şəraitdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatı məhz güclü ordudur. Buna görə də ordunun bütün istiqamətlər üzrə fasiləsiz şəkildə inkişaf etdirilməsi vacibdir. Onun maliyyə-iqtisadi təminatı yüksək səviyyədə saxlanılmalı, müasir silah sistemləri, rəqəmsal texnologiyalar və süni intellekt əsaslı həllərlə təchizatı davamlı şəkildə həyata keçirilməlidir.

Bununla yanaşı, Azərbaycanın təhlükəsizliyi yalnız hərbi güclə məhdudlaşmır. Dünyada dost və müttəfiq ölkələrin sayının artırılması da mühüm müdafiə amillərindən biridir. Azərbaycanın etibarlı tərəfdaşları nə qədər çox olarsa, ölkənin təhlükəsizliyi də bir o qədər möhkəm təmin edilər.

Eyni zamanda, milli təhlükəsizliyin əsas sütunlarından biri cəmiyyətlə dövlət arasında birliyin qorunub saxlanılmasıdır. Cəmiyyət dövlətçilik mövqeyində olduğu, güclü ordu və etibarlı müttəfiqlərlə birlikdə hərəkət etdiyi müddətdə Azərbaycan istənilən xarici təhdidi dəf etmək və milli maraqlarını qorumaq gücünə sahib olacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31