Əsrlərin sınağından çıxmış qardaşlıq münasibətləri- ÖZƏL
10:18 Siyasət"Birmənalı şəkildə qeyd olunmalıdır ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda, Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov Rayon Təşkilatının sədri Elçin Quliyev deyib: "Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib.
Səfər çərçivəsində baş tutan ikitərəfli görüşlərdə Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunan Türkmənistan Prezidenti təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.
Öz növbəsində, cənab prezident İlham Əliyev də bildirib ki, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir: "Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik". Eyni zamanda, Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan, Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və mədəni sahələri əhatə edən 100-dən çox ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər dövlətlərarası münasibətlərin ardıcıl inkişafı üçün möhkəm institusional zəmin formalaşdırmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də müəyyənləşdirir.
Hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi Bakı ilə Aşqabad arasında əlaqələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivə hesablandığını göstərir. Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlər sistemində də bir-birinin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı digər nüfuzlu beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir.
Bu amil dövlətlərimizin xarici siyasət prioritetlərinin bir çox məsələlərdə üst-üstə düşdüyünü, regional və qlobal proseslərə münasibətdə ortaq yanaşmalar sərgilədiyini təsdiqləyir. Xüsusilə Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunması məsələlərində Bakı ilə Aşqabadın mövqeləri yaxınlığı ilə seçilir.
İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır. Azərbaycan və Türkmənistan parlamentləri arasında formalaşmış səmərəli əməkdaşlıq qanunverici orqanlar səviyyəsində siyasi dialoqun genişlənməsinə, humanitar əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələndirilmiş fəaliyyət Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığının mühüm tərkib hissəsinə çevrilib.
Beləliklə, qarşılıqlı yüksəksəviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açacağı gözlənilir. Bu proses, eyni zamanda, Türk dünyasında inteqrasiyanın güclənməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".