Ermənistanda Tehran çağırışı: Revanşist dairələr yenidən fəallaşır- ÖZƏL

Erməni politoloq Armen Ayvazyan İrəvanla Tehran arasında strateji hərbi-siyasi ittifaqın yaradılmasına çağırıb. O bildirib ki, İranın regionda artan hərbi-siyasi təsiri Cənubi Qafqazdakı güc balansını dəyişə və Tehranın təhdid hesab etdiyi layihələrin qarşısını ala bilər. Ayvazyanın fikrincə, Ermənistanın xarici siyasətində əsas prioritet İranla strateji tərəfdaşlıq olmalıdır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Ermənistanda ümumiyyətlə bu tip çağırışlar zaman-zaman səsləndirilir. Bu qüvvələr daha çox Rusiya və İranla bağlı olan dairələrdir. Onlar Qərbin Ermənistanda, o cümlədən Cənubi Qafqazda rolunun güclənməsində maraqlı deyillər. Daha çox bölgədə iki əsrdən bəri mövcud olan Rusiya təsirinin və İranla münasibətlərin davam etdirilməsində maraqlıdırlar.
Onları ən çox narahat edən məsələlərdən biri də Qərbin burada təsirinin artması, eyni zamanda Türkiyənin bölgədə rolunun və təsirinin güclənməsidir.
Bu baxımdan, bu fikirlər Ermənistanda revanşist düşüncəli politoloq və siyasətçilərin mövqeyi kimi qiymətləndirilə bilər. Amma nəzərə alsaq ki, Paşinyan hakimiyyəti İran və Rusiya ilə münasibətləri qorumaqla yanaşı, Qərblə əlaqələri də inkişaf etdirmək siyasəti yürüdür, bu, həmin qüvvələri narahat edir.
Ermənistan son 3-4 ildə Qərbə ciddi şəkildə yaxınlaşma siyasəti həyata keçirir və bir sıra strateji layihələr də məhz bu istiqamətdə reallaşdırılır. Burada xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələlər, o cümlədən üçtərəfli format çərçivəsində müzakirələr nəzərdə tutulur. Bu baxımdan belə çağırışlar Ermənistanda bundan sonra da səslənəcək. Lakin bizim üçün önəmli olan Ermənistan hakimiyyətinin bu məsələdəki mövqeyidir. Bir daha qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin əsas məqsədi Rusiya və İranla münasibətləri qoruyub saxlamaqla yanaşı, Qərblə inteqrasiyanı davam etdirmək və dərinləşdirməkdir. Siyasətinin əsas xətti də bundan ibarətdir.
Ona görə də bu tip çağırışların hansısa ciddi təsir göstərəcəyini düşünmürəm. Gələcəkdə Ermənistanda belə bir əməkdaşlıq formatı formalaşa bilərsə, bu, əlbəttə ki, İranın bölgədəki rolunun güclənməsi anlamına gələr. Lakin nəzərə alsaq ki, İranın hazırkı real imkanları məhduddur və eyni zamanda ABŞ artıq Ermənistanla daha ciddi əməkdaşlıq formatına keçməkdədir, milyardlarla dollarlıq investisiyaların yatırılması məsələləri müzakirə olunur, bu halda İranın Ermənistana bu cür təkliflər verə biləcəyi inandırıcı görünmür. Çünki İranın buna nə iqtisadi, nə də siyasi imkanları kifayət qədər deyil. Bu baxımdan həmin fikirləri sadəcə növbəti və növbətçi bəyanatlar kimi qiymətləndirmək daha doğru olar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31