Bakı səfərinin pərdəarxası: İran Azərbaycanla münasibətlərdə praqmatik addımlara keçir – ÖZƏL

"Qalibafın Bakıya gəlməsi İran-Azərbaycan münasibətlərində yenidən yumşalma prosesinin getdiyini göstərir. Bu səfər həm də İran-Azərbaycan münasibətlərində son İran-İsrail müharibəsi dövründə yaranmış müəyyən narazılıqların aradan qalxmağa başladığının göstəricisidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın, yəni Azərbaycan-türk kökənli iki liderin qarşılıqlı münasibətlərində və iki dövlət arasında əlaqələrdə yeni bir mərhələyə keçid baş verir. Burada həm iqtisadi, həm siyasi, həm logistika, həm də infrastruktur sahələrində yeni istiqamətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. Müharibə dövründə, xüsusilə İranla ABŞ və İsrail arasında yaşanan gərginlik fonunda Azərbaycanla bağlı İran tərəfdə çoxlu dezinformasiyalar yayılırdı. Lakin Azərbaycan hər zaman öz neytral mövqeyini ortaya qoydu. Eyni zamanda regionda sabitliyin və sülhün bərqərar olması üçün əlindən gələni etməyə çalışdı. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinə, regionda baş verən proseslər fonunda strateji əməkdaşlığın yenidən formalaşmasına təkan verir. Çünki həm Azərbaycan, həm də İran logistika və iqtisadiyyat baxımından öz gələcəkləri üçün yeni layihələr və yeni addımlar atmağa çalışırlar. İran da bu məsələdə ABŞ və Qərb tərəfindən tətbiq olunan sanksiyaların təsirlərini azaltmaq, xarici investisiyaları cəlb etmək, iqtisadi aktivliyi artırmaq və regiondakı mövqeyini gücləndirmək üçün müxtəlif addımlar atır. Şimal-Cənub layihəsi isə hər iki dövlət üçün strateji əhəmiyyət daşıyır və onların qarşılıqlı tərəfdaşlığının rəmzi kimi çıxış edir.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Hind okeanı və Fars körfəzi regionunu Rusiya, Avropa və digər istiqamətlərlə birləşdirən mühüm logistika mərkəzi kimi qəbul olunur. Azərbaycanın üzərindən keçən nəqliyyat marşrutları gələcəkdə Avropa, Rusiya və digər bazarlara çıxış imkanlarını daha da genişləndirəcək. Bu da Azərbaycanın iqtisadi baxımdan nə qədər mühüm rol oynadığını göstərir. Digər tərəfdən, bu layihə İran üçün də öz iqtisadi potensialını yenidən gücləndirmək, beynəlxalq layihələrdə daha fəal iştirak etmək və iqtisadi mənfəət əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, bunlar iki dövlət arasında müzakirə olunacaq əsas məsələlərdən biridir. Bu layihənin böyük tranzit mərkəzinə çevrilməsi həm Azərbaycanın, həm də İranın iqtisadi gəlirlərinin artmasına xidmət edə bilər. Gələcəkdə bu əməkdaşlıq hər iki dövlətin həm iqtisadi, həm də siyasi baxımdan bir-birinə daha da yaxınlaşmasına və münasibətlərin inkişaf etməsinə şərait yarada bilər. Çünki İranın Azərbaycana münasibətində müəyyən ehtiyatlı və bəzən mənfi yanaşmaların mövcud olduğu məlumdur. Buna görə də bundan sonrakı dövrdə İranın Azərbaycanla münasibətlərində daha adekvat, daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan addımlar atacağı gözlənilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31