Vüqar Rəhimzadə: Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik
16:27 SiyasətAzərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il keçir. Qət edilən 108 illik yol rəşadətli ordumuzun bugünkü inkişafını şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Həmin illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər respublikamızda mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. 1971-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Bu mühüm addım Azərbaycanda hərb sahəsinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları mümkün oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da ordu quruculuğu prioritet istiqamətlər sırasında oldu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara diqqət yetirəndə nizami ordunun olmamasının torpaqlarımızın işğalında rolu daha aydın görünür. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu digər sahələr kimi, ordu quruculuğunda da uğursuzluqlara səbəb olmuşdu. O illərdə orduda fərarilik geniş vüsət almışdı. Gənclərimiz hərbi xidmətdən yayınırdılar. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdi. Ulu Öndər hakimiyyətə qayıdışı ilə ordu quruculuğu sahəsində də yeni mərhələnin əsasını qoydu. Orduya diqqət və qayğı diqqətdən kənarda qalmadı. Bu diqqət orduda fərarilik hallarının qarşısını aldı. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
1994-cü il mayın 12-də atəşkəs haqqında saziş imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında keçirdiyi uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.
Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev bu çağırışı edirdi ki, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.
Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Milli Məclisin deputatı vurğulayıb ki, Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində görülən təxirəsalınmaz tədbirlər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordusuna çevirdi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" Mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu kimi nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Rəşadətli ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt Zəfəri ilə işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğunu sübut etdi. Həmin nailiyyətlərin davamı olaraq 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, 2023-cü ildə həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa edildi. Azərbaycan Ordusunun dünyaya səs salan zəfərləri bu sahəyə göstərilən diqqətin nümayişi oldu. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Azərbaycan əsgəri hər zaman öz gücünə, qüdrətinə inanaraq Müzəffər Ali Baş Komandandan "Hücum!" əmrini gözləyirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyini bəyan etməsi də Azərbaycan Ordusunun gücünə, qüdrətinə inamdan irəli gəlirdi.
Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin son illərdə dinamik inkişafının Silahlı Qüvvələrin büdcəsinin artırılması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də öz vədinə sadiq qaldığını təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdır. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilmişdir.
Millət vəkili vurğulayıb ki, şübhəsiz, 108 illik yolu bir yazıda əhatə etmək çətindir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası özündə bütün məqamları ehtiva edir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.
Vüqar Rəhimzadə qeyd edib ki, 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı, 2023-cü ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üç illiyinə həsr edilən hərbi parad, həmçinin paytaxtın Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi parad Zəfərimizin təsdiqi və təqdimatı oldu. Son beş ildən artıq dövrün əsas reallıqlarından biri hərbi qüdrətimizin daha da artırılmasının əsas çağırışlardan biri olmasıdır. Prezident İlham Əliyevin ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artırır. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik.