Azərbaycan-İran münasibətləri: əməkdaşlıq imkanları və həllini gözləyən məsələlər- ÖZƏL
15:43 Siyasətİran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Bakıda keçirilən İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Azərbaycana işgüzar səfərə gəlib. Bu səfər iki qonşu ölkə arasında intensivləşən siyasi dialoqun və parlamentlərarası əlaqələrin mühüm göstəricisidir. Son illərdə Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın konstruktiv dialoqu sayəsində münasibətlər qarşılıqlı hörmət və etimad əsasında inkişaf edir. Tərəflər xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi başda olmaqla nəqliyyat, logistika, enerji və ticarət sahələrində strateji layihələr həyata keçirərək regionun təhlükəsizliyi və rifahı naminə tərəfdaşlığı genişləndirirlər.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" İran Parlamentinin sədrinin Bakıya gəlməsi İslam Ölkələri Parlamentlərarası Şuranın 20-ci iclasında iştirakla bağlıdır. Ona görə də düşünmürəm ki, bu səfər məhz Azərbaycanla İran münasibətlərinin daha da genişlənməsinə ciddi təsir göstərəcək amildir.
O ki qaldı münasibətlərimizə, İran Azərbaycan üçün vacib ölkədir. Azərbaycanın ən böyük quru sərhədi İranladır. Azərbaycan hər zaman İranla münasibətlərini qonşuluq, dostluq və qarşılıqlı olaraq bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında qurub. Hətta İranın ən çətin vaxtlarında Azərbaycan ona dəstək göstərib.
Son hadisələr zamanı Azərbaycan dəfələrlə bəyan edib ki, heç bir halda İrana qarşı həyata keçirilən tədbirlər üçün öz ərazisindən istifadəyə imkan verməyəcək.
O ki qaldı layihələrin həyata keçirilməsinə, Şimal-Cənub layihəsi ilə bağlı müəyyən problemlər və gecikmələr var. Bunların hamısı Azərbaycandan asılı məsələlər deyil. Bir çox hallarda bu ləngimələr İran tərəfinin məsuliyyəti ucbatından baş verir. Vaxtilə Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan kredit də ayırmışdı. Lakin son dövrlərdə, Qarabağ azad olunduqdan sonra Azərbaycan yeni layihələr çərçivəsində İran vasitəsilə dəmir yollarının və avtomobil yollarının açılması istiqamətində mühüm addımlar atıb.
Yəni Azərbaycan tərəfi burada üzərinə düşən işləri görüb. Qalan məsələlər əsasən İranla bağlıdır. Bundan başqa, logistika ilə yanaşı, su ehtiyatlarından birgə istifadə, iqtisadi əlaqələrin inkişafı və digər sahələrdə də Azərbaycan tərəfi hər zaman İrana əməkdaşlıq təklif edib.
Amma yenə də qeyd edirəm ki, bu proseslərin uzanması və ləngiməsi daha çox İranla bağlıdır. Xüsusilə son müharibədən sonra İranın vəziyyəti çətinləşib. Düşünürəm ki, vəziyyət bir qədər aydınlaşdıqdan sonra müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri daha fəal şəkildə müzakirə olunacaq".
Zeynəb Mustafazadə