Bəhruz Quliyev: "Türkmənistan Prezidentinin Füzuli səfəri siyasi və mənəvi səciyyə daşıyır" – ÖZƏL

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Füzuli şəhərinə səfəri və burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olması Azərbaycan-Türkmənistan münasibətlərinin artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlığın daha yüksək mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər ilk növbədə onu göstərir ki, Türkmənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yenidənqurma siyasətini dəstəkləyir və Qarabağın bərpasını təkcə Azərbaycanın daxili layihəsi deyil, bütövlükdə Türk dünyasının ortaq uğuru kimi qiymətləndirir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Füzulidə həyata keçirilən "Ağıllı şəhər" konsepsiyası, müasir infrastruktur layihələri və 2040-cı ilədək 50 min nəfərlik yaşayış məkanının formalaşdırılması istiqamətində görülən işlər Azərbaycanın regionda yeni inkişaf modelini ortaya qoyduğunu göstərir. Türkmənistan Prezidentinin bu proseslə yaxından tanış olması isə iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir.

"Xüsusilə, Türkmənistanın dəstəyi ilə Füzulidə məscid kompleksinin inşa olunması böyük siyasi və mənəvi məna daşıyır. Bu layihə təkcə dini abidənin tikintisi deyil, həm də Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinə verilən önəmin ifadəsidir. İşğal dövründə məscidlərin və dini-mədəni irsin dağıdıldığı bir ərazidə yeni məscidin inşa edilməsi həm ədalətin bərpası, həm də mənəvi dirçəlişin rəmzi kimi qiymətləndirilməlidir. Bu addım Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndiyini, türk xalqları arasında həmrəyliyin yalnız siyasi bəyanatlarla deyil, konkret layihələrlə də təsdiqləndiyini göstərir. Füzulidə inşa olunan məscid Azərbaycan-Türkmənistan dostluğunun simvoluna çevrilməklə yanaşı, Türk dünyasının birliyinə, qarşılıqlı dəstəyinə və ortaq gələcəyinə verilən mühüm mesajdır.
Düşünürəm ki, bugünkü geosiyasi şəraitdə Füzulidən verilən mesaj çox aydındır ki, Türk dövlətləri arasında əməkdaşlıq artıq yeni məzmun qazanır, ortaq layihələr, qarşılıqlı investisiyalar və mənəvi bağlar vasitəsilə daha da möhkəmlənir. Azərbaycan və Türkmənistan liderlərinin birlikdə Füzulidə olması Qarabağın bərpasına beynəlxalq dəstəyin göstəricisi olmaqla yanaşı, Türk dünyasının həmrəyliyinin də növbəti mühüm təzahürüdür", - deyə, B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31