İrəvan-Tehran xəttində dərin etimadsızlıq: Paşinyan Qərblə İran arasında seçim qarşısında ÖZƏL

Erməni politoloq Armen Ayvazyan İranın bölgədə yeni supergücə çevrildiyini bildirərək, İrəvanı Tehranla dərhal hərbi-siyasi ittifaq qurmağa və Zəngəzur dəhlizinə qarşı birgə addım atmağa çağırıb. Lakin rəsmi məlumatlar ekspert çağırışlarının əksini göstərir. İki ölkə arasında strateji tərəfdaşlıq danışıqları dayandırılıb və ciddi etimadsızlıq yaranıb. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İrəvanın anti-İran qüvvələrin mərkəzinə çevrildiyi barədə Tehranda rəy formalaşdığını, Zəngəzur dəhlizi və TRIPP marşrutu ətrafındakı ixtilafların münasibətləri soyutduğunu açıqlayıb. İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi isə Ermənistanın regiona ABŞ əsgərlərini gətirməsini Tehran üçün birbaşa təhdid adlandırıb. 

"Ermənistan hazırda kifayət qədər mürəkkəb bir situasiya ilə üz-üzədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib: "Bir tərəfdən Rusiyanın təzyiqləri, digər tərəfdən isə İranın təsir və təzyiqlərinin artdığı müşahidə olunur. Bununla belə, Paşinyan hakimiyyətinin əsas hədəfi Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərbə yaxınlaşdırmaqdır. Ancaq mövcud mürəkkəb geosiyasi şərait bu prosesi kifayət qədər çətinləşdirib. Çünki Ermənistan ciddi seçim qarşısında qalıb. Rusiya ilə qarşıdurma vəziyyətində olan Ermənistan eyni zamanda Zəngəzur dəhlizi, yəni TRIPP layihəsi ilə bağlı da qərar verməli olacaq. Hazırda bu layihə ən çox Ermənistanın özünə lazımdır. TRIPP layihəsi Ermənistanın iqtisadi inkişaf perspektivlərini genişləndirə biləcək qədər böyük əhəmiyyət daşıyır. Belə mühüm logistik və geoiqtisadi layihədən kənarda qalmaq Ermənistan üçün olduqca baha başa gələ bilər. Təbii ki, İranın Ermənistana təsiri danılmazdır və Tehran da TRIPP layihəsinə mənfi münasibət sərgiləyir. Belə bir şəraitdə erməni politoloqunun rəsmi İrəvana İranla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək çağırışı Paşinyan hakimiyyətinin hədəfləri ilə ziddiyyət təşkil edir. Çünki Paşinyan hakimiyyətinin əsas məqsədi Qərbə yaxınlaşmaq və eyni zamanda TRIPP layihəsinin reallaşması vasitəsilə Ermənistanın iqtisadi inkişafı üçün yeni imkanlar yaratmaqdır".

Ekspert bildirib ki, bu baxımdan Paşinyan hakimiyyətinin TRIPP layihəsindən imtina edəcəyi və ya ondan vaz keçəcəyi o qədər də inandırıcı görünmür. Hesab etmək olar ki, Ermənistan və İran arasında mövcud olan ziddiyyətli məqamların gələcəkdə daha da dərinləşməsi ehtimalı daha real görünür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31