Gürcüstanda xarici məhbusların ölkədən qovulması qaydaları dəyişir: Qanun Saakaşviliyə də şamil olunacaq? – ÖZƏL
13:40 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin plenar iclasında çıxış edən daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, ölkədə xarici məhbuslarla bağlı qanunvericiliyə mühüm dəyişikliklər təklif edilir. Yeni layihəyə əsasən, yerli şuralar az ağır cinayətlərə görə cəzanın 3-də 1-i, ağır cinayətlərə görə yarısı, xüsusilə ağır cinayətlərə görə isə 3-də 2-si çəkildikdən sonra məhbusun müraciəti olmadan, məcburi qaydada onun qalan həbs müddətinin ölkədən qovulma və giriş qadağası ilə əvəz edilməsi məsələsinə baxacaq.
Nazir müavini bu addımın həbsxanaların boşaldılmasına və cinayət törətmiş xarici vətəndaşların deportasiyasına ciddi töhfə verəcəyini qeyd edib. Bundan əlavə, dəyişikliklərlə Miqrasiya Departamentinin səlahiyyətləri genişləndirilərək ona əməliyyat-axtarış fəaliyyəti hüququ veriləcək. "Avropalı Sosialistlər" partiyasından olan deputat Vladimir Bojadzenin bu dəyişikliklərin Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə şamil edilib-edilməyəcəyi barədə sualına cavab verən Daraxvelidze qanunların tək bir şəxs üçün qəbul edilmədiyini və kriteriyalara uyğun gələn istənilən şəxsə şamil olunacağını vurğulayıb.