Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilib- ÖZƏL

"2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərclərinin artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Son illərdə müdafiə və təhlükəsizlik xərclərinin davamlı artırılması nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilmişdir. Hərbi hissələr ən müasir döyüş vasitələri ilə təchiz olunmuş, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlmiş, müasir müharibələrin tələblərinə cavab verən yeni hərbi idarəetmə sistemi formalaşdırılmışdır. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi də ordunun gücləndirilməsində mühüm rol oynayır. Hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir və bu imkanlar Silahlı Qüvvələrin təminatında mühüm əhəmiyyət daşıyır.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun artan gücünü bütün dünyaya nümayiş etdirdi. Ordumuz qısa müddət ərzində strateji yüksəklikləri və mühüm mövqeləri azad etməklə düşmənə sarsıdıcı zərbə vurdu. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətinin və peşəkarlığının növbəti təsdiqi oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan hərb tarixinin ən parlaq səhifəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun yüksək peşəkarlığı, müasir hərbi texnologiyalardan səmərəli istifadə etməsi, döyüş ruhu və vətənpərvərliyi nəticəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Şuşanın azad olunması isə Vətən müharibəsinin taleyini həll edən mühüm hadisə kimi tarixə düşdü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam təmin edildi və konstitusiya quruluşu bütün ərazilərdə bərpa olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31