Mxitariyanı İrəvana gəlməyə peşman etdilər - Azərbaycana qarşı heç susmadı...
11:23 SiyasətErmənistan millisinin sabiq kapitanı və dünya futbolunun tanınmış simalarından biri olan Henrix Mxitaryan yenidən ictimai müzakirələrin mərkəzinə düşüb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun "Pünik" akademiyasına səfəri zamanı gənc futbolçular tərəfindən böyük coşqu ilə qarşılanmasına baxmayaraq, sosial şəbəkələrin erməni seqmentində futbolçuya qarşı sərt və aqressiv şərhlər yayılıb.
Gənc azarkeşlər kumirlərinin adını səsləndirib, ondan avtoqraf alarkən və klubun "Şöhrət ağacı"nda iz buraxmasını izləyərkən, paralel olaraq internet məkanında ona qarşı tənqid və təhqir xarakterli fikirlər artmağa başlayıb. Bu vəziyyət Ermənistan cəmiyyətində mövcud olan dərin fikir ayrılıqlarını və emosional gərginliyi bir daha üzə çıxarıb.
Müşahidəçilərin fikrincə, yaranmış vəziyyətin əsas səbəblərindən biri ölkədə 2018-ci ildən sonra güclənən siyasi qütbləşmədir. Bu proses ictimai həyatın demək olar ki, bütün sahələrinə təsir edib. Nəticədə tanınmış şəxslər tez-tez siyasi mövqe bildirməyə məcbur qalır, neytral qalmağa çalışanlar isə tənqid hədəfinə çevrilir.
Mxitaryana əsas ittiham onun siyasi proseslərdə iştirak etməməsi və hakimiyyətə açıq dəstək göstərməməsi kimi təqdim olunur. Bəzi digər tanınmış şəxslərdən fərqli olaraq, o, öz nüfuzunu siyasi məqsədlər üçün istifadə etməməyi seçib. Bu isə radikal mövqeli istifadəçilərin narazılığına səbəb olub.
Müzakirələrdə futbolçunun bir neçə il əvvəl Ermənistan milli komandasından ayrılması məsələsi də yenidən gündəmə gətirilib. Həmin qərarın arxasında Ermənistan Futbol Federasiyası ilə yaşanan ciddi fikir ayrılıqları olduğu bildirilir. Xüsusilə federasiyada baş verən kadr dəyişiklikləri və idarəetmə məsələləri bu gərginliyin əsas səbəblərindən biri kimi göstərilir.
Sosial şəbəkələrdə istifadə olunan ritorika isə ayrıca diqqət çəkir. Ekspertlər hesab edir ki, bu tendensiya Ermənistan cəmiyyətində daha geniş bir problemin - sağlam ictimai dialoqun zəifləməsinin göstəricisidir. Siyasi baxışlar artıq insanların peşəkar fəaliyyəti və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsinə birbaşa təsir edir.
Qeyd edək ki, Henrix Mxitaryan "İnstaqram" səhifəsində Azərbaycanda həbsdə olan erməni separatçı "liderlər" haqda paylaşımlar edib. Onun sosial şəbəkədə milyondan çox izləyicisi var və o da bunu fürsət bilib hər dəfə Azərbaycana qarşı rupor kimi istifadə edir.Onun erməni "liderləri" ilə də yaxşı münasibəti olub. 2011-2012-ci illərdə Xankəndində olub, azərbaycanlıların qanını tökmüş müharibə "qəhrəmanlarının" ailələrinə bahalı hədiyyələr paylayıb. Onu həbsdə olan qondarma "prezident" Bako Saakyan Xankəndidə təmtəraqla qarşılayıb. Mxitaryan Qarabağ hadisələri başlayan il anadan olub, həm də İrəvanda. Sonra isə 9 yaşında ailəsi ilə Fransaya köçüb. Şübhə yoxdur ki, onun millətçi baxışları da bu anti-türkçü ortamda formalaşıb. 2020-ci ilin 27 sentyabrında, İkinci Qarabağ müharibəsinin ilk saatlarında mövqe bildirənlərdə biri də məhz Mxitaryan idi. Azərbaycanı təcavüzdə ittiham edən Mxitaryan (o zaman İtaliya "Roma"sında oynayırdı) mövqeyini də açıq bildirmişdi:
"Mən həmişə xalqımın yanında qalacağam". 44 günlük müharibə sürəcində də Mxitaryan Gəncədə, Bərdə, Tərtərdə dinc sakinlərə qarşı terroru ermənilərin guya qurban olduğunu göstərməkdə davam etdi. Hətta statuslarının birində iddia edirdi ki, guya Azərbaycanın apardığı dini savaşdır və "erməni xalqı xristian dəyərlərini müdafiə edir". Müsavat.com