Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir- ÖZƏL

"İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi Türk dünyasında, xüsusilə Mərkəzi Asiya Respublikalarında canlanmaya səbəb oldu. Həmin coğrafiyada yaşayan xalqlar anlamağa başladılar ki, heç bir imperiya təpkisi, iqtisadi-siyasi təhdidlər gerçək türk birliyinə əngəl ola bilməz". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "44 günlük savaşda tarixi qələbəmiz bu birliyin dərinləşməsində yeni bir mərhələnin başlanğıcı oldu. Türk dövlətlərinin əməkdaşlığı, birliyi pozitiv hədəflərə söykənir. Burada böyük qardaş anlayışı yoxdur. Bərabərhüquqlu, iqtisadi inkişafa hədəflənən, təhlükəsizlik meyarları əsas götürülən  bir mexanizm ortadadır. 

Mərkəzi Asiya Respublikaları rəhbərlərinin, xüsusilə ötən gün Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və görüşlər zamanı səsləndirdiyi səmimi fikirlər əməkdaşlığın daha da dərinləşməsinə hədəfləndiyini  göstərir. Hər bir ölkə  ixrac potensialını genişləndirərkən  optimal, səmərəli marşurutlar üzərində düşünür. Bu baxımdan digər Mərkəzi Asiya respublikaları ilə bərabər Türkmənistan üçün  də  Azərbaycan Qərbə açılan qapıdır.

Bu coğrafiyadan keçən nəhəng tranzit xəttlər ən təhlükəsiz, iqtisadi cəhətdən əlverişli strateji layihələrdir. Azərbaycan öz ərazisindən keçən nəhəng tranzit layihələrin gerçəkləşməsinə dəstək verməklə bərabər, Türk birliyinə strateji dəstəyini də ortaya qoyur. 

Nəhayət, tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proseslər yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının  hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji hədəfimizə çevrilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31