AŞPA-dan Gürcüstana sərt xəbərdarlıq: Ölkədə demokratiya geriləyir – ÖZƏL
10:36 SiyasətOlaylar.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Gürcüstanda demokratik təsisatların fəaliyyətinə dair hesabat və qətnamə layihəsi müzakirəyə çıxarılıb. Sənəddə rəsmi Tbilisinin təşkilatın təxirəsalınmaz tövsiyələrini yerinə yetirmədiyi və ölkədə demokratik geriləmənin davam etdiyi vurğulanır. Bildirilir ki, vətəndaş cəmiyyətinə və müxalifətə qarşı artan təzyiqlər Gürcüstanın Avropa Şurası qarşısındakı üzvlük öhdəliklərini yerinə yetirmək istəyini ciddi sual altına qoyur.
Qətnamə layihəsində demokratik müxalifət partiyalarının qadağan edilməsi təşəbbüsü və onların liderlərinin siyasi motivli təqib olunması kəskin pislənilir. Xəbərdarlıq edilir ki, bu kurs ölkədə mahiyyətcə birpartiyalı diktaturanın qurulmasına yol açacaq. Sənəddə Gürcüstan hakimiyyətindən partiyaların qadağan olunması ilə bağlı Konstitusiya Məhkəməsinə edilən müraciətin geri götürülməsi, Nika Meliya və Elene Xoştariya kimi müxalif liderlərə qarşı saxta ittihamların dayandırılması tələb olunur.
Həmçinin qeyd edilir ki, repressiv mühit və kəskin qütbləşmə səbəbindən ölkədə hazırda azad və demokratik seçkilər üçün şərait yoxdur.
Assambleya rəsmi Tbilisini "Xarici təsirin şəffaflığı haqqında" və "Xarici agentlərin qeydiyyatı haqqında" (GEOFARA) mübahisəli qanunları, habelə digər repressiv qanunvericilik aktlarını ləğv etməyə çağırır. Bundan əlavə, universitet islahatları zamanı korrupsiya risklərinin qarşısının alınması, aksiyalar zamanı qadağan olunmuş kimyəvi maddələrin istifadəsi daxil olmaqla polis zorakılığı hallarının müstəqil araşdırılması tələb olunur. Qətnamədə Gürcüstanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını və ATƏT-in Moskva mexanizmi çərçivəsində hazırlanan hesabatın tövsiyələrini tam icra etməli olduğu xüsusilə vurğulanır.