Füzulidən verilən qardaşlıq mesajı: Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ- ÖZƏL

İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərində olublar. Qonağa işğal dövründə şəhərdə törədilən dağıntılar, hazırda həyata keçirilən bərpa-quruculuq işləri və Füzulinin Baş planı barədə məlumat verilib. Bildirilib ki, 2040-cı ilədək şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur və burada "Ağıllı şəhər" konsepsiyası tətbiq ediləcək. Həmçinin Türkmənistanın dəstəyi ilə Füzulidə inşa olunan məscid kompleksi barədə məlumat verilib.

Türkmənistan Prezidentinin Füzuliyə səfəri və şəhərdə həyata keçirilən bərpa işləri ilə tanış olması Azərbaycan-Türkmənistan münasibətlərinin hansı yeni mərhələyə keçdiyini göstərir?
Türkmənistan tərəfindən Füzulidə məscid inşa edilməsi Türk dünyası ölkələri arasında siyasi, mədəni və mənəvi həmrəyliyin güclənməsi baxımından hansı mesajları verir? Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:

" Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Füzuli şəhərinə səfəri və burada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri ilə tanış olması, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən daha dərin, praktiki və qardaşlıq müstəvisinə keçdiyini aydın nümayiş etdirir. Bu addım Aşqabadın Bakının post-münaqişə dövründə regionda formalaşdırdığı yeni reallıqları tam şəkildə dəstəklədiyinin və Qarabağın yenidən qurulması prosesində Azərbaycanın yanında yer aldığının bariz göstəricisidir. İki Xəzəryanı ölkə arasında uzun illərdir mövcud olan enerji və nəqliyyat-loqistika sahələrindəki əməkdaşlıq, artıq azad edilmiş ərazilərin dirçəlişində birgə iştirak kimi mühüm bir geosiyasi və humanitar xarakter qazanır. Bu səfər həm də beynəlxalq birliyə yönəlmiş bir ismarıcdır: Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü təkcə siyasi bəyanatlarla deyil, yerində, birbaşa iştirakı ilə dəstəkləyir.

Türkmənistanın dəstəyi ilə Füzulidə məscid kompleksinin inşa edilməsi isə Türk dünyası ölkələri arasında siyasi, mədəni və mənəvi həmrəyliyin zirvə nöqtələrindən biridir. Özbəkistanın rəhbərliyi ilə Füzulidə məktəbin, Qazaxıstanın dəstəyi ilə uşaq yaradıcılıq mərkəzinin tikilməsindən sonra Türkmənistanın da bu prosesə mənəvi dəyəri çox yüksək olan bir məscid kompleksi ilə qoşulması, Qarabağın bərpasını ümumi bir "Türk Dünyası Missiyası"na çevirir. Bu addım ilk növbədə ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələr coğrafi sərhədləri aşaraq, ortaq tarixi, dini və mədəni köklərə əsaslanan sarsılmaz bir blok formalaşdırırlar. Füzulidə ucalacaq bu məscid sadəcə bir memarlıq abidəsi və ya ibadət yeri deyil, işğal dövründə mədəni və dini irsi dağıdılmış Qarabağ torpaqlarında Türk dünyasının mənəvi dirçəlişinin, həmrəyliyinin və sarsılmaz birliyinin əbədi rəmzi olacaqdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31