Parlament diplomatiyası dövlətlər arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ÖZƏL

"İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də təşkilatın Fələstin üzrə Daimi Komitəsinin 14-cü iclasına İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü olaraq sədrlik etdik. Bu cür mühüm və məsuliyyətli bir iclasa Azərbaycan nümayəndə heyətinin üzvü kimi sədrlik etmək böyük qürur və eyni zamanda böyük məsuliyyətdir. Bu, ölkəmizin beynəlxalq parlament platformalarında artan nüfuzunun, Azərbaycan parlament diplomatiyasına göstərilən etimadın və dövlətimizin İslam dünyasında qazandığı hörmətin növbəti təzahürüdür".Bunu "Olaylar"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "İclas çərçivəsində Fələstin məsələsi, regionda mövcud humanitar vəziyyət, beynəlxalq hüququn prinsipləri, mülki əhalinin müdafiəsi və İslam dünyasının qarşısında duran aktual məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Çıxışımda qeyd etdim ki, Fələstin məsələsi uzun illərdir beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan mühüm məsələlərdən biridir. Bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətli və davamlı şəkildə həll olunması regional sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Vurğuladım ki, müasir dövrdə münaqişələrin yaratdığı humanitar problemlər, insanların fundamental hüquq və azadlıqlarının qorunması, sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin əsas prioritetlərindən biri olmalıdır. Bu baxımdan parlamentlərarası əməkdaşlıq və dialoq mühüm rol oynayır.
Eyni zamanda bildirdim ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ortaq məsələlər ətrafında daha sıx əməkdaşlıq etməsi, qarşılıqlı həmrəyliyin gücləndirilməsi və beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsi böyük əhəmiyyət kəsb edir.
Düşünürəm ki, İslam dünyasının qarşılaşdığı çağırışların həlli, müsəlman xalqları arasında həmrəyliyin daha da möhkəmləndirilməsi və ortaq maraqların müdafiəsi istiqamətində belə platformaların rolu getdikcə artır. Bu baxımdan Fələstin üzrə Daimi Komitənin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Toplantı iştirakçıları da gündəlikdə duran məsələlər ətrafında çıxış edərək müzakirə olunan mövzularla bağlı fikir və təkliflərini səsləndirdilər, müxtəlif məsələlərə dair mövqelərini bölüşdülər.
Düşünürəm ki, belə tədbirlər qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, parlament diplomatiyasının inkişafına və üzv dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31